"Böyük şəxsiyyətlərin məzarları pis vəziyyətdədir"

Hazırda oxunan: "Böyük şəxsiyyətlərin məzarları pis vəziyyətdədir"

118393
Cümhuriyyət dövrü və mühacirət mətbuatının araşdırıcısı Nəsiman Yaqublu AXC-nin qarşıdan gələn 100 illik yubileyi ilə əlaqəli əsas problemlərdən birinə- cümhuriyyət qurucularının məzarlarının xilasına toxunub. Moderator.az saytı araşdırmaçı alimdən mövzu ilə bağlı aldığı kiçik müsahibəni təqdim edir:

- Nəsiman müəllim, siz mühacirət tarixini araşdıran şəxs kimi Avropanın bəzi ölkələrində olan azərbaycanlı məzarlarının aqibəti üçün narahatsınız. Aralarında cümhuriyyəti quran şəxslərin olması nigarançılığınızı artırır... 

- Ölkədən kənarda, əsasən də Avropanın bir neçə ölkəsində azərbaycanılıara aid olan məzarlar çoxdu. Məlumdur ki, 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunanda xeyli insan Avropaya gedəsi oldu. Onların sayı təqribən 15-20 min arasında idi. İkinci dalğa isə II Dünya Müharibəsi ərəfəsində yaşandı. Almanlara əsir düşən 70 minə yaxın azərbaycanlı onların tərəfinə keçərək legioner həyatı yaşadılar. Sonradan orada qaldılar, ailə qurdular və dünyadan köçdülər. Bu səbəbdən də onların məzarları da oradadır. Özü də kimsəsiz və heç kəsin ziyarət etmədikləri məzarlardır. Almanlarda belə bir qayda var ki, onlar kimsənin ziyarət etmədiyi məzarları bir növ ləğv edirlər və həmin ərazidə başqa bir ölünü dəfn edirlər. 

Mən Almaniyanın Nyu-Ulm şəhərində Əbdürrəhman Fətəlibəyli Düdəngski barəsində araşdırma apararkən onun məzarını ziyarət etdim. O zaman legionerlərdən olan Bəşir Gəncəçay bizə bələdçilik edirdi. Düdənginskinin məzarının yanında başqa azərbaycanlıların da məzarını gördüm. Təbii ki, onlar da kimsəsiz idilər. Nə səbəbə sökülmədiyini soruşanda isə dedilər ki, bu ərazini vaxtilə İran şahı müsəlmanlaırn dəfn olunması üçün satın alıb. Ona görə də buradakı məzarların hamısı yerindədir. Amma təəccübləndirən məqamlardan biri də budur ki, həm dövlət xadimi kimi, həm orduda yüksək rütbəli zabit kimi yaşamalarına baxmayaraq bu gün də onları arayıb-axtaran yoxdu.

- Bu nə ilə əlaqədardı?

- Bu onunla əlaqədar idi ki, həm mühacirlərimizin, həm də legionerlərimizin bir çoxu ailə həyatı qurmurdular. Kimsələri yox idi. Yalnız sağlığında  tək-tük dostları var idi ki, onları axtarır yad edirdilər. Öləndən sonra da elə onlar nadir hallarda məzarlığa baş çəkirdilər. Amma həmin dostlar da dünyasını dəyişib. Bunları xatırlayan yoxdu heç. İkinci məsələ isə budur ki, azərbaycanlı mühacir və legionerlərin böyük əksəriyyəti avropalı xanımlarla-alman, fransızlarla ailə qururdular. Onlar da ailə kultu bizim qədər doğma, möhkəm deyil. Ölümündən sonra həmin azərbaycanlıların nəinki əcnəbi xanımdan olan uşaqları, hətta həmin xanımın özü belə onu qətiyyən xatırtlamırdı. Mən indi adlarını çəkmək istəməzdim. Bir neçə böyük şəxsiyyətlərimiz var ki, onların avropalı həyat yoldaşından olan uşaqları hələ sağlığında gəlib ona baş çəkmirdi. Sağlığında yad etmirdisə, ölümündən sonra ümumiyyətlə xatırlamayacaq. Avropada insanlar çox souqdur. Bu onların düşüncə tərzidir. Onlar yalnız indini yaşamaq istəyirlər. Odur ki, bəzi məzarlar kimsəsiz qalıb. Bizim də istədiyimiz budur ki, təbii ki, həmin məzarların hamısı yox, heç hamısı gərək də deyil, yalnız dəvlətçiliyimizin, milli ideologiyamızın inkişafında müstəsna işlər görmüş şəxslərin məzarları bu gün vətənə köçürülsün. Amma inanın elə böyük şəxsiyyətlərdən bəzilərinin məzarları da pis vəziyyətdədirlər.

- Buna bir neçə nümunə göstərə bilərsiniz?

- Məsələn, böyük ideoloq Əli bəy Hüseynzadənin Türkiyədəki məzarı bu gün o qədər də yaxşı durumda deyil. Düzdü, bir aralar, onu abadlaşdırıb daha yaxşı bir yerə köçürmək barəsində danlışıqlar getsə də ailəsi buna razı olmadı. Məzarının üstündə yazıblar ki, “tanınmış dəri həkimi”x9d. Axı Əli bəy Hüseynzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının ideoloqudur. Turançılıq ideologiyasının əsas yaradıcılarından biri də o olub! Olmazdı ki, o məzarın üzərində bu da qeyd olunaydı?! 

Başqa bir məsələ də Fətəlibəyli Düdənginskinin məzarı ilə bağlıdır. Almaniyada əcnəbilər üçün məzar yerləri müddətlidir. Yəni sən mütləq müəyyən vaxt üçün həmin məzara görə pul ödəməlisən. Düdənginskinin məzarının qalmaq müddəti bitdiyindən onu ləğv edirdilər. Amma Almaniyada olan əlaqələrin hesabına, yaxşı insanların hesabına məzarın qalma müddəti uzadıldı. 

Həmçinin Əhməd bəy Ağaoğlu, Xəlil bəy Xasməmmədov kimi dahilərin, cümhuriyyət qurucularının məzarları da acınacaqlı durumdadır. Bəzilərinin üzərlərində yazılar da belə oxunmur.

-  Problemi həll etmək, cumhuriyyət qurucularının məzarlarının xilası üçün nə kimi təklifiniz var? 

- Mən təbii ki, bütün ölən azərbaycanlıların məzarı haqda bu sözləri demirəm. Onlar ölüblər, Allah rəhmət eləsin hamısına. Amma cümhuriyyəti quran, dövlətçiliyimiz üçün əlindən gələni edən şəxslərin məzarı mütləq vətən torpağına köçürülməlidir. Mən təklif verərirəm ki, cümhuriyyət qurucuları üçün bir mavzoley salınsın və onların məzarları başqa ölkələrdən gətirilərək burada dəfn edilsin. Çünki qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi gəlir. Mən elə sizin sayt vasitəsilə bir kampaniyaya başlamaq istərdim. Lazım gəlsə dəfələrlə bu mövzuya toxunaq. Ölkənin gücü  təkcə neftin qiymətinin aşağı düşüb-qalxması ilə ölçülmür. Ölkənin gücü həm də onun mədəni-mənəvi tarixi ilə ölçülür.

- Başqa 3 legioner haqqında ilk dəfə olaraq məlumat vermişdiniz... 

-  Bəli, Əli Yaroğlu, Məhəmməd Sadiq və Əşrəf Məhəmədoğlu haqqında məlumat vermişdim.  Amma geniş məlumatım çox azdı. Onlarla bağlı müraciət də etdim. Əgər onların qohumları üzə çıxsa biz əlavə məlumatlar toplayarıq. Amma onu bilirik ki, o üç şəxsin hamısı legioner olublar və Almaniyada qalıblar. Doğum günlərinə baxanda görürük ki, hamısı elə 1920-ci illərdə doğulub.

- Başqa hansı ölkələrdə Azərbaycanın nüfuzlu şəxslərinin məzarları var?

- Türkiyə bizimlə qardaş ölkə olsa da oradakı aydınlarımızın da məzarları yaxşı vəziyyətdə deyil. Ondan əlavə Polşada, Almaniyada, Fransada da cümhuriyyət qurucularının məzarları var. Onların hər biri bizim üçün önəmlidir. Bircə Mirzəbala Məmmədzadənin məzarı haqqında yaxşı nəsə demək olar. İstanbulda olan məzarda heykəltaraş baş daşında onun fotosunun yerinə göz yaşları formasında çox maraqlı bir əl işi hazırlayıb. Yəni Azərbaycan üçün axıdılan göz yaşları.

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO