“Rəsulzadə ilə bir gündə anadan olduğuma görə fəxr edirəm!”x9d

“Rəsulzadə ilə bir gündə anadan olduğuma görə fəxr edirəm!”x9d

Hazırda oxunan: “Rəsulzadə ilə bir gündə anadan olduğuma görə fəxr edirəm!”x9d

111973
Çox mehriban adamdır, şəndir, dili dualıdır, amma hamısından əvvəl məsuliyyətli olduğunu deyir. İşini sevir, ağrısıyla-acısıyla yaşamağı sevir. Ailəsinə, ətrafına qarşı çox sayğılıdır. Bir sözlə o hamını, hamı da onu sevir. Bu qədər müsbət keyfiyyətlərinin nəticəsi olaraq artıq son günlərini yaşayan 2015-ci ildə “Tərəqqi”x9d medalı ilə ilə təltif olunub. 
Biz də bu axından geri qalmayıb onu layihəmizə dəvət edib suallarımızı ünvanladıq. Elə yaxşı da elədik, çünki aldığımız cavablar bizim də ürəyimizi doldurdu:

 
- Layihəmizə xoş gəlmişsiniz Kamil bəy, gəlin sizi oxucularımıza tanıdaq. 

- Tanıdın (gülür). Məsləhət sizindir, məsəl var, ağa deyir sür dərəyə, sür dərəyə. Mən, Həmidov Kamil Həmzəoğlu (Kamil Həmzəoğlu) 1973-cü ilin 31 yanvarında Goranboy rayonunun Qızılhacılı qəsəbəsində həkim-ziyalı ailəsində olmuşam, özü də fəxr və qürur hissi keçirirəm ki, böyük öndər Məhəmməd Əmin Rəsulzadə ilə bir gündə anadan olmuşam. Orta məktəbi bitirdikdən iki il sonra-iki il dalbadal indiki Bakı Slavyan Universitetindən kəsildim - 1991-ci ilin iyulunda BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Maraqlıdır ki, biz SSRİ-nin ən sonuncu qəbulu olduq. Cəmi bir ay sonra məşhur "QKCP" baş verdi və SSRİ dağıldı. SSRİ-nin vaxtında qəbul olunduq, müstəqil Azərbaycanın isə ilk tələbələrindən olduq. Onu da xatırladım ki, o vaxt dərslər sentyabrın 1-də başlamalı olsa da, prezident seçkilərinə görə Ayaz Mütəllibov dərsləri oktyabrın 1-nə keçirtdirdi. Nə isə, 1996-cı ildə də universiteti bitirdim. Həmin vaxtdan, əslində isə, 1988-ci ilin payızından bu günə kimi də 27 ildir mətbuatdayam. Əvvəlcə rayonumuzun "Mübariz", 1991-94-cü illərdə "Aydınlıq" qəzeti ilə əməkdaşlıq etmişəm. 1995-ci ildə "De-fakto", "7gün" qəzetlərində işləmişəm, nəhayət, düz 19 ildir ki, "525-ci qəzet"də işləyirəm. Həmçinin, 2007-2011-ci illərdə "1nyus"la əməkdaşlıq etmişəm, 2011-ci ilin aprelindən bu günə kimi isə Gün.Az saytının parlament müxbiri kimi çalışıram. Bu ilin yayında-Milli Mətbuat Günündə isə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm, iki kitabın müəllifiyəm və sair və ilaxır...

- Sizi pozitiv, mehriban, inançlı, ailəsini və işini çox sevən bir adam kimi xarakterizə edirlər. Bu keyfiyyətlərin arxasında nə dayanır? 

- Nə deyim vallah... Əvvəla, hər bir insan, ailə başçısı kimi mən də öz üzərimə düşən bu müqəddəs missiyanı minimum yerinə yetirməyə çalışıram. Ailə müqəddəsdir və çalışmaq lazımdır onun müqəddəsliyinə də xələl gəlməsin. Ailə qurmusansa, ailə sahibisənsə ailənin də başında dayanmalısan, onun yükünü daşımalısan, çiyinlərini kənara çəkməməlisən. İkincisi, lap uşaqlıqdan, ağlım, dərrakəm kəsdiyi dövrdən də hansı ki, ateizm mühitində böyümüşdük, Allahımıza, Uca Rəbbimizə inanmışam, ona qəlbən bağlanmışam və bir an da Ona olan inamım, sevgim azalmayıb, əksinə artıb. Bütün dinlərə, eyni zamanda, öz dinimizə sayğı və hörmətlə yanaşıram, amma din pərdəsi altında fanatizmi, cəhaləti, radikalizmi, məzhəbçilik oyunlarını (özüm şiə olsam da) qəbul etmirəm və etməyəcəyəm də. Gələcəkdə də, obrazlı şəkildə desəm, ömür vəfa edərsə və səhhətim imkan verərsə, namaz qılmaq fikrindəyəm. Pozitiv, mehriban olub-olmamağıma gəlincə, bunu daha çox kənardakılar yaxşı bilərlər, onlar buna qiymət verə bilərlər. Amma bütün hallarda pozitivliyin, sakitçiliyin, əmin-amanlığın, mehribançılığın tərəfdarı olan insanlardanam, sözdə deyil, əməldə. İşimə də bütün çətinliklərə rəğmən hər zaman bağlı olmuşam. Məsuliyyətsizliyi əsla və əsla qəbul etmirəm. İşdəsənsə, işləyirsənsə, məsuliyyətli də olmalısan!

- Harda yaşayırsınız, ailəniz, övladlarınız”¦

- 10 ilə yaxındır Abşeron rayonunun Qobu qəsəbəsində yaşayıram. 15-17 illik kirayə həyatından sonra burada məskən salmağa qərar verdim. Bu illər ərzində də orada nələr çəkdiyimizi, nələr yaşadığımızı da bir Allah bilir. Düz 8 ilə yaxın qaz, işıq, su, normal yol-iz olmayıb. Günlərlə, aylarla işıqsız qalmışıq. Palçıq dizə çıxıb, sellofan torbaları ayaqqabılarımıza sarıyıb evdən çıxmışıq. Hələ də bankların qoynundan sallanıb qalmışıq və sair və ilaxır... Amma dözmüşük, yaşamışıq və yaşayırıq. Şükür etmişik, şükranlığımızı da heç zaman itirməmişik. Ailəliyəm, iki qızım, bir oğlum var. Yoldaşım ibtidai sinif müəlliməsidir, amma hazırda analıq məzuniyyəti ilə əlaqədar müvəqqəti olaraq işləmir.

- Valideyn sizin üçün nə deməkdir? 

- Valideyn mənim üçün sözün bütün mənalarında hər şey deməkdir. Allah heç bir bəndəsini valideynsiz etməsin, onu valideyn sınağı ilə üzləşdirməsin. Valideyn həm də sənin gələcək yoluna işıq salan Nurdur, Günəşdir. Çünki sən özün də gələcəkdə valideyn olacaqsan və bu zaman valideynin nə demək olduğunu da daha dərindən anlayacaqsan. Ona görə hər bir övlad valideyninin qədrini-qiymətini bilməlidir, o Nuru, o Günəşi dəyərləndirməlidir, özü də zamanında, sonra çox gec olur və olar...

- Bəs övlad?

- Məsəl var, övladın şirinliyindən doymaq, acılığından da udmaq olmur. Övlad həm də sənin özündür, öz əməllərindir, belə demək mümkünsə, nə tökərsən aşına, o da çıxar qaşığına...
Özün necə övlad olmusansa (istisnalar ola bilər), Uca Rəbbimiz də səni o cür övladla və övladlarla mükafatlandırır. Ona görə əvvəlki sualınıza cavabımda da təsadüfən demədim ki, hər bir övlad zamanında valideyninin qədrini-qiymətini, dəyərini bilməlidir. Valideyninin dəyərini bilən övladın da əksərən övladları yaxşı, layiqli, nümunəvi övladlar olur. Allah hər birimizə də övlad-övladlar nəsib etsin və heç birimizi də övladımızla sınağa çəkməsin. Amin!

- Amin. Kamil bəy, mediada nə işiniz var? Yazmağı bu qədər çoxmu sevirsiniz? 

- Bir dəfə də demişəm, indi də deyirəm, mətbuata, jurnalistikaya sevib gəlmişəm. Hələ uşaq yaşlarımdan, orta məktəb illərindən (söhbət 1983-84-cü illərdən gedir) jurnalistikaya böyük sevgim, həvəsim olub. O zamanlar ”“ Sovetlər dönəmində cəmi iki kanal vardı və hər ikisini də çox böyük maraqla, acgözlüklə izləyirdim; xüsusilə, siyasi verilişləri, xəbər və idman proqramlarını. Eyni zamanda, Azərbaycan və rus dillərində çıxan azsaylı qəzetləri də, rus dilini çox zəif bilməmə rəğmən, mütəmadi olaraq izləməyə çalışırdım. O dövrdə evlərə qəzet-jurnalları poçtalyonlar çatdırırdılar və hərdən qəzetlər gecikəndə bəlkə saatlarla həyət qapımızın ağzında poçtalyonun gəlməsini səbirsizliklə gözləyirdim. İndikindən fərqli olaraq o dövrlər qəzetlərə adam az qala hava-su, çörək kimi ehtiyac duyurdu. Çox təəssüflər olsun ki, bu gün başqa cürdür. Beləliklə, 1989-cu ildə orta məktəbi qurtarıb sənədlərimi keçmiş ADU-nun ”“ indiki BDU-nun Jurnalistika fakültəsinə verməyə hazırlaşanda rəhmətlik atam buna razı olmadı, dedi ki, bacın kimi rus dili müəllimi olmalısan. İki il dalbadal sənədlərimi indiki Bakı Slavyan Universitetinə versəm də, xoşbəxtlikdən qəbul olunmadım. Hərdən atam zarafatla deyərdi ki, özün qəsdən sualların cavabını düzgün yazmadın ki, qəbul olunmayasan. Nəhayət, 1991-ci ilin iyulunda sənədlərimi BDU-nun Jurnalistika fakültəsinə verdim və qəbul olundum, neçə illərdən bəri həsrətlə gözlədiyim arzuma qovuşdum. İndi nə qədər zor şərtlər altında çalışsaq da, problemlər tükənmək bilməsə də, bu sənəti seçməyimdən peşman deyiləm.

- Səbrinizi daşıran hər hansı bir hadisə. (Son günlər əla xatirələr yazırsınız)

- O qədər olub və var ki, hansını deyim. 27 ildir mətbuatdayam, amma bir dəfə olsun belə özümə peşəkar jurnalistəm deməmişəm, özüm haqqında miflər, əsatirlər, əfsanələr yaratmamışam, düzüb qoşmamışam. Məni üzümə tərifləyəndə də bundan daxilən narahat olmuşam, bunu o qədər də qəbul etməmişəm. Çünki bunları-mifləri, əfsanələri təvazökarlıqdan, hətta, radikal da səslənsə, insanlıqdan kənar hallar hesab etmişəm. Amma təəssüflər olsun ki, ömründə bir cümləsi olmayanlar və yaxud, zamanında nəsə yazıb elə zamanında da qalmış, "böyüməmiş" "qələm sahibləri" var ki, sosial şəbəkələr indi onlar üçün sanki bir meydan, fürsət olub. Hamıya dərs keçməyə, ağıl öyrətməyə çalışırlar. Bu məndə böyük ikrah hissi doğurur. Əvvəllər bunu normal qarşılayırdım, əhəmiyyət vermirdim, amma artıq dözüm limitim tükənib.

- Ən qürur duyduğunuz hadisə hansı olub? 

- Belə hadisələr də çox olub. Saymaqla bitməz. Amma bir qədər pafoslu səslənməsin, 1991-ci ildə Azərbaycanın nə əzablar, acılar bahasına müstəqillik əldə etməsi və az da olsa bu prosesdə iştirak etməyim həyatımın ən qürurlu hadisəsidir. İnanırsınız, o zaman Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən bir-bir tanınması-bunun AzTV ilə bəyan olunması gözlərimizi yaşardır, bizləri sonsuz dərəcədə həyəcanlandır və qürurlandırdı. Bunu sözlə təsvir etmək mümkün deyil... Hətta, onu da xatırladım ki, Azərbaycan müstəqillik əldə etməzdən əvvəl müstəqilliklə bağlı yazı yazmışdım və həmin yazım da Sabir Rüstəmxanlının o zamanlar redaktor olduğu "Azərbaycan" qəzetində işıq üzü görmüşdü. İndi bu çoxlarına adi, mənasız bir məsələ kimi görünə bilər. Amma cəmi 18 yaşlı kənd uşağının - üstəlik rəhmətlik atam da vəzifə sahibiydi- paytaxt qəzetlərindən, özü də nüfuzlu qəzetlərdən birində yazısının getməsinin nə demək olduğunu o dövrün insanları daha yaxşı bilir, bilər...

- Mətbuat sizə nə qazandırıb? 

- Çox şey qazandırıb. Bəlkə də başqa sahədə işləsəydim təvazökarlıqdan uzaq olmasın, tanınmazdım. Az da olsa, tanınmışam, qəbul olunmuşam, qiymətləndirilmişəm. Eyni zamanda, rəğbətlə yanaşanlar da olub, qəbul etməyənlər də. Buna da qarışmağa haqqım yoxdur. Kiməsə özümü zorla qəbul etdirə bilmərəm ki...

- Ən böyük səhviniz... 

- Ən böyük səhvim... Bəzən layiq olmayanlara həddindən artıq inanmağım, güvənməyim və sonda da xəyal qırıqlığına uğramağım, yanlışlıqlarla üz-üzə qalmağım olub. Həm də məsəl var, qul xətasız, Yaradan xətasız olmaz. Allah hər birimizin səhvlərini və xətalarını bağışlasın!

- Millət vəkilləri ilə aranız necədir? Siz həm də parlament müxbirisiniz. 

- Tam normal. Sayanın quluyam, saymayanın da... Hər halda hamıya, eyni zamanda, millət vəkili statusunu daşıyanlara normal, insani münasibət sərgiləməyə çalışıram...Və onlara da şəxsi, merkantil maraqlardan yanaşmağın tərəfdarı olmamışam və deyiləm...Həmçinin, millət vəkilləri arasında da dostluq etdiyim insanlar, ailəvi get-gəlişlərimiz olanlar var və bundan da böyük qürur hissi keçirirəm kimin nə düşünməsindən asılı olmayaraq...

- Mən sizi seçki ərəfəsində virtual səsvermədə demək olar bütün namizədlər haqqında yüksək fikirlər yazdığınızın şahidi oldum. Doğrudanmı siz bütün millət vəkillərində o yüksək keyfiyyətləri tapıb görə bilirsiniz? Bəs elədisə biz niyə görmürük? 

- Vallah, bütün məsələlərdə, o cümlədən, millət vəkilləri ilə bağlı məsələlərdə də minimum obyektiv və qərəzsiz olmağa çalışıram. Bu nə dərəcədə alınır deyə bilmərəm, amma obyektivlikdən kənara çıxmamağa, qərəzli, fürsətkar, qisascıl olmamağa cəhd edirəm. Çalışıram ki, hər bir məsələyə kökündən qiymət verim, ani situasiyaya görə kimisə yanlış qiymətləndirməyin tərəfdarı deyiləm. İnanın, elə millət vəkili olub ki, qıraqdan başqa cür təssəvvür bağışlayıb, amma onunla danışanda, təmas quranda tamam əks mənzərəni şahidinin şahidi olmuşam, özü də yaxşı mənada. Millət vəkili olub ki, məndən belə kömək istəyib, yəni, seçicilərinin problemlərinin həllində məndən, mediadan mədəd umub. Telefonda belə ağlayıb ki, onlara heç olmasa, siz, media kömək edin, bizi eşidən yoxdur...

- Siyasətlə məişət arasındakı o fərqi necə hiss edirsiniz? 

- Elə olduğu qədər... Nə az-nə çox...

- Bu qədər səmimi bir adamın siyasət müxbiri olması mənə bir az qəribə gəlir”¦

- Həyatda səhvlərimə, xətalarıma rəğmən ən nifrət etdiyim səmimiyyətsizlik və məsuliyyətsizlikdir. Qeyri-səmimiliyi heç zaman qəbul etməmişəm və etməyəcəm də. Necə deyərlər, bu prinsipi-səmimiyyəti də siyasət müxbirliyində də qoruyub saxlamağa çalışmışam. Çalışmışam ki, özüm olum, özümdən, özülümdən kənarlaşmayım.

- Yəqin ki, çoxlu xatirələriniz də var”¦

- “N”x9d qədər. Son zamanlar onların bir çoxunu fb səhifəmdə də paylaşmışam və paylaşıram. Hətta, dostlardan irad tutanlar da var ki, hələ tezdir, xatirələr zamanı deyil (gülür). Məsələn, həmin xatirələrdən birini sizinlə bölüşmək istərdim: 1999-cu ilin mayın sonları-iyunun əvvəlləri idi. Qarşıdan da növbəti (2-ci çağırış) parlament seçkiləri gəlirdi və bu baxımdan da, parlamentdə tez-tez iqtidar-müxalifət (mövqe, fikir) toqquşmaları baş verirdi. O vaxt parlamentdə müxaliflərin birləşdiyi ikinci Demblok da Milli Məclisin iclaslarını boykot etmişdi və müxalifləri boykot qərarından daşındırmaq üçün də iqtidardan mərhum Anar Məmmədxanov (Allah qəni-qəni rəhmət etsin, çox açıq və demokratik fikirli insan idi), Demblokdan isə Sosial Ədalət Partiyasının (SƏP) sədri Mətləb Mütəllimli ilə YAP-dan yenicə AMİP-ə keçmiş Gülnarə Şıxəli qızı Qurbanova danışıqlar aparırdı. Həftənin də beşinci günü, iş həftəsinin sonu idi, baş redaktorumuzun müavini məndən aparılan danışıqlarla, vəziyyətin nə yerdə olması ilə bağlı Gülnarə xanımdan "525" üçün bir səhifəlik geniş müsahibə götürməyi tapşırmışdı və 5 dəqiqədən də bir otağımızın qapısını açaraq "Kamil, müsahibə nə oldu, öz şəklimi müsahibə yerinə qoyacağam, yoxsa, sənin şəklini?", - deyib, hirsli-hikkəli şəkildə soruşurdu və qapını çırpıb gedirdi. Canım az qala burnumdaydı, çırtma vurulsaydı, qanım tökülərdi, bax o vəziyyətdəydim. Həm də Gülnarə xanımdan müsahibə götürmək və onu gecə də olsa yazıb təhvil vermək mənim üçün bir növ prinsip məsələsinə dönmüşdü. Hər 20-30 dəqiqədən də bir aramsız şəkildə gah Gülnarə xanım mobil nömrəsinə zəng edirdim (təəssüf ki, hər dəfə də telefon sönülü vəziyyətdə olurdu), gah da ev nömrələrinə zəng vururdum və hər dəfə də yaşlı bir xanım "ay oğlum, vallah, Gülnarə xanım hələ gəlməyib, bir azdan zəng edin"-deyirdi (Sən demə həmin xanım da rəhmətlik Şıxəli müəllimin həyat yoldaşı, Gülnarə xanımın da anası imiş)...
Yusif müəllimin "qəzəbindən" də qurtulmaq üçün arada fürsətdən istifadə edib iki-üç dənə də yazı yazdım, hətta, alternativ variant kimi o vaxt ADP-nin katibi olan və xətrini çox istədiyim Telman Orucovdan da müsahibə götürdüm. Nə isə bu minvalla saat axşam 7-yə qalmışacan ən azı 20 dəfə Gülnarə xanımın evinə zəng etdim və haradasa 7 radələrində nəhayət, Gülnarə xanım telefona özü cavab verəsi oldu. Özüm də çox əsəbi və yorğun idim, hiss etdim ki, Gülnarə xanım da yoğrun danışır. Tez salam-əleyk edib vaxt gözləmədən birbaşa müsahibəyə keçdim və təxminən 20 dəqiqəlik müsahibə götürdüm. Elə sağollaşıb telefonun dəstəyini yerə qoymaq istəyirdim ki, birdən Gülnarə xanım "Kamil, bayaqdan məni arayan, soruşan siziymişsiniz?", - deyə, soruşdu, "bəli, Gülnarə xanım, məniydim, nə olub ki?", - deyə, sual qarışıq cavab vermişdim ki, telefonu şaqqanaq səsi başına götürdü və yalançılar sözü olmasın, az qala bir dəqiqəyə yaxın davam etdi. Yerimdə donub qalmışdım, görəsən, nə oldu, nə xətaya yol verdim..."Kamil, anam deyir ki, ay qızım, bayaqdan elə hey bir oğlan səni axtarır, hətta, hirslənir ki, Gülnarə xanım harda qaldı ey. Ay qızım, vallah səni ərin heç belə axtarmır ki, o, yazıq oğlan axtarır..." Bunu demişdi ki, Gülnarə xanımın şaqqanağı mənim şaqqanağımın yanında yalançı oldu, otaqdakılar da dik atıldılar. Telefonda bir xeyli gülüşdükdən sonra Gülnarə xanımla sağollaşdım və müsahibəni yazıb təhvil verməyə başladım, haradasa da cəmi iki saata müsahibə hazır olub səhifəyə qoyuldu.

- Bizim layihə ilə bağlı düşüncələriniz nələrdir? Nə kimi bir əlavə tövsiyə edərdiniz? 

- Həqiqətən də çox maraqlı və oxunaqlı layihədir. Mümkün qədər də izləməyə çalışmışam. Belə də estafetə davam edin. Sizlərə də sadəcə və sadəcə, uğurlar arzulayıram!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO