Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçirilir.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.
“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.
Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.
Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində - 29-31 iyul tarixlərində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.
Bizim.Media