Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əhaliyə müraciət edib.
Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.
“Təəssüf ki, paytaxt ərazisində bir çox hallarda piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxırlar, yeraltı və yerüstü keçidlərdən istifadə etmirlər, avtomobilin tam dayanmağına əmin olmadan yolu keçməyə çalışırlar.
Ən acınacaqlı vəziyyət isə, xüsusilə də axşam saatlarında piyadaların çoxzolaqlı və hərəkətin intensiv olduğu küçə və prospektlərdə yolu keçməsi ilə bağlıdır. Təbii ki, bəzən sonu faciə ilə nəticələnən belə yol-nəqliyyat hadisələri yollarda sıxlığın yaranmasına da səbəb olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq həm sürücülərin, həm də piyadaların nəzərlərinə çatdırmaq istəyirik ki, piyadalar yolu keçərkən diqqətli olmalı, sürücülər isə sürət həddinə və yol nişanlarının tələblərinə əməl etməli, ümumilikdə isə hər iki tərəf hər an, hər yerdə ehtiyatı əldən verməməlidirlər”, - deyə qurumdan bildirilib.
Bizim.Media