Sosial şəbəkələrdə daha bir məktəbdə şagirdlərə qarşı zorakılıq halları ilə bağlı görüntü paylaşılıb.
Görüntülərin Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta məktəbin 1b sinfində çəkildiyi qeyd olunub. Videoda I sinif şagirdlərinə dərs deyən müəllimin uşaqlarla pis rəftarı, onları təhqir etməsi, hətta lövhə qarşısına çıxarılan şagirdin döyüldüyü əks olunub. Valideynlər hadisənin noyabr ayında baş verdiyini, amma hələ də həmin müəllim haqqında ölçü götürülmədiyini əsas gətirərək yenidən məsələni ictimailəşdirmək qərarına gəliblər. Onlar həmin müəllimin fəaliyyətini davam etdirdiyini və şagirdlərə hələ də psixoloji, fiziki şiddət göstərdiyini iddia ediblər.
Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. 317 nömrəli tam orta məktəbdən Bizim.Media-ya həmin müəllimin töhmət aldığını bildiriblər:
“Hadisə noyabr ayında olub, müəllim də töhmətini alıb. Bu barədə elə noyabr ayında Bakı şəhəri üzrə Təhsil İdarəsinə də məlumat vermişik”.
Günay Şahmar, Bizim.Media