Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işlərinin 87 %-ni yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, yolun tikintisinin 2023-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanan yolun uzunluğu 39.7 km-dir.
Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr, torpaq yatağının eni isə 21.5 metr təşkil edir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası, suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 39 dairəvi borunun, 9 düzbucaqlı su keçidinin, 49 ehtiyat borunun, yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçidlərin, həmçinin zəruri yerlərdə beton və daş istinad divarlarının, avtobus dayanacaqların tikintisi layihə üzrə son mərhələdə aparılaraq yekunlaşdırılır.
Yolboyu torpaq işləri artıq 100 % icra olunub. Hazırda yol əsasının və çiyinlərin tikintisi, həmçinin 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Qeyd olunan işlər də son mərhələdə olmaqla icra olunur.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 19 oktyabr 2022-ci il tarixində sözügedən yolun 14.2 km-lik Şükürbəyli-Cəbrayıl hissəsi, 5 may 2023-cü il tarixində isə 8.2 km-lik hissəsi istifadəyə verilib.
Bizim.Media