Krım yarımadası üzərində 11 ədəd pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya tərəfindən yarımadaya təyin edilən Sergey Aksenov məlumat verib.
“Cankoy rayonunda silah-sursat anbarına zərbə endirilib. Həmçinin PUA-nın qalıqları Kirovski rayonunda fərdi evə ziyan vurub”, - Aksenov bildirib.
İlkin məlumata görə, zərərçəkən yoxdur. O, əlavə edib ki, hadisədən sonra təcili yardım xidmətləri hadisə yerində işləyir.
Aksenov Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən 5 km radiusda yerləşən kəndlərin əhalisinin təxliyə edildiyini açıqlayıb.
Cankoy rayonu və Cankoy-Simferopol avtomobil yolunda dəmir yolu hərəkəti dayandırılıb. Məhdudiyyətlər təhlükəsizlik məqsədilə tətbiq edilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya da pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib. Hücumda istifadə edilən iki PUA zərərsizləşdirilib, yaxınlıqda yerləşən binada dağıntılar qeydə alınıb. Hadisə nəticəsində itki olmadığı qeyd edilib.
Bizim.Media