Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Elvin İmaməliyev, Emin Əmrahov və Səbuhi Əhmədovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, kursantlar, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarda igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Sonra şəhidlərə həsr olunan kitabların təqdimat mərasimi keçirilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Bizim.Media