Ustad Şəhriyarın anım günüdür - Təbrizdə mərasim keçirildi

Ustad Şəhriyarın anım günüdür - Təbrizdə mərasim keçirildi

Hazırda oxunan: Ustad Şəhriyarın anım günüdür - Təbrizdə mərasim keçirildi

94433

Bu gün İranda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 34-cü ildönümü qeyd olunur.

Bizim.Media xəbər verir ki, bu münasibətlə Təbrizdə dahi şairin məqbərəsi önündə mərasim keçirilib.

Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin rəsmi şəxsləri, şairlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Şəhriyarın yaradıcılığı, həyat və fəaliyyətindən geniş söz açıblar.

Məhəmmədhüseyn Şəhriyar fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə insanlara vətənpərvərlik duyğuları aşılamış, milli həmrəylik ideyası təbliğ etmiş, milli ruhun oyanışında böyük xidmətlər göstərmişdir. O, klassik şeirin bütün formalarına müraciət edib, ölməz sənət inciləri yaradıb.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.

O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr edilib.

M.Şəhriyar ötən əsrin 20-ci illərindən etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb.

Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifə böyük şöhrət gətirib.

M.Şəhriyar XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib.

Nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu poeması nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaq.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi xalqın ürəyində əbədi yaşayır və sevilir. Böyük ustad 1988-ci il sentyabrın 18-də 82 yaşında Təbrizdə vəfat edib. Onun vəfat etdiyi gün İranda “Fars dili və Şəhriyarın anım günü” kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO