Bu gün Eldar Mansurovun 70 yaşı olur – Bəstəkarın yubileyi niyə qeyd olunmadı?

Bu gün Eldar Mansurovun 70 yaşı olur – Bəstəkarın yubileyi niyə qeyd olunmadı?

Hazırda oxunan: Bu gün Eldar Mansurovun 70 yaşı olur – Bəstəkarın yubileyi niyə qeyd olunmadı?

62294

“Mansurovlar nəsli 100 ildir Azərbaycan musiqisinə, mədəniyyətinə xidmət edir. Atam, Bəhram Mansurov 54 il Opera Teatrının solisti olub. Atamın yolunu qardaşım Elxan Mansurov davam etdirir. Elxan da 50 ildir Opera Teatrının solistidir. Allah qismət eləsə, hələ uzun illər mədəniyyətimizə, musiqimizə xidmət edəcəyik”.

Bu fikirləri Bizim.Media-ya fevralın 28-də 70 illik yubileyini qeyd edən görkəmli bəstəkar Eldar Mansurov söyləyib. Bizim üçün eksklüziv söhbətində Eldar Mansurov bu gün onu yada saldığımıza görə təşəkkürünü çatdırıb. Amma ad gününü qeyd etməyin artıq onun üçün uşaqlıq xatirəsi olduğunu dilə gətirib:

“Ümumiyyətlə təmtəraqlı doğum günlərini sevmirəm. Uşaqlıqda, valideynlərim həyatda olanda mənim doğum günüm xüsusi qeyd edilərdi. Atamın ilk oğlu idim. Fevralın 28-i evimizə dost-aşna yığışardı, elə ən yadda qalan doğum günlərim də o zaman olub. Artıq çoxdandır ki, uşaq deyiləm. Ona görə təmtəraqlı doğum günləri keçirmirəm. Yaşa dolduqca ad günlərimi evdə, ailəmlə, sakit mühitdə keçirməyi xoşlayıram”.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Eldar Mansurovla bağlı SƏRƏNCAM


Bəstəkar qeyd edib ki, yubiley ili ilə bağlı bəzi planları da var. Qarşıdakı zaman ərzində tam başqa janrda yazdığı konsert verməyi planlaşdırır: 

“İnşallah bu il ərzində bir konsert keçirmək fikrim var. Alınsa həmin konsertdə yeni janrda yazılan əsərlərim səslənəcək. Hamı mənim musiqilərimi eşidib, bilir. Amma bu dəfə başqa janrda yazdığım yeni əsərlərimi eşidəksiniz”.

Yubilyar son illər tamaşa və filmlərdən uzaq düşməsinin də səbəbinə aydınlıq gətirib. Bunun yeni nəsil rejissor və sənətçilərin zövqü ilə əlaqələndirib:

“Çoxdandır məni filmlərə, tamaşalara çağırmırlar. İndi yeni müasir bəstəkarlar çıxıb. Yəqin onların musiqisi rejissorlara mənim yazdıqlarımdan daha çox sərf edir. Son zamanlar heç bir rejissordan təklif almıram. Amma yeni bir qəhrəman rejissor meydana çıxsa ki, gəlin birlikdə işləyək. Elə rejissora yox demərəm.

Hələlik belə bir rejissor və təklif yoxdur. Amma sizə deyim ki, mən bu sözləri giley-güzar mənasında demirəm.

Bizim sənətimizdə yəni konkret olaraq musiqi sənətindən bəhs edirəm, bizim kimi adamlara keçmişin veteranı, keçmiş bəstəkar kimi baxırlar. Amma mən qətiyyən bədbin deyiləm. Bədbinlik, ruh düşkünlüyü mənim sənətimdən, musiqilərimdən çox uzaqdır. Məhz bu səbəbdən mənim musiqilərim hər zaman səslənir və dinlənir”.

Eldar Mansurovla söhbətimizin sonunda çalışdığı sənətçilərdən də söhbət açıb. Keçmişin dostları ilə birgə işlərindən də danışıb:

“Yeni mahnılar var. Həm də bir çox yeni ifaçılarla çalışıram. İlhamə Qasımova, Nigar Cəlilova, Şölə Səfərəliyeva, Fərid Fəridli və başqaları. Yəni sizə deyim ki, istedadlı gənc müğənnilərlə yanaşı, dostlarıma da mahnılar yazıram. Mübariz Tağıyevin adını çəkə bilərəm. Mübariz Tağıyev üçün yeni bir neçə mahnı bəstələmişəm. İnşallah, yaxın zamanda həmin musiqiləri eşidərsiniz”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Bəhram oğlu Mansurov " Şöhrət" ordeni ilə təltif edilib.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO