Mədəniyyət və şou-biznes arasındakı QIRMIZI XƏTT

Mədəniyyət və şou-biznes arasındakı QIRMIZI XƏTT

Hazırda oxunan: Mədəniyyət və şou-biznes arasındakı QIRMIZI XƏTT

581519

Son zamanlar leksikonumuzdan bəzi sözlər silinib gedir, bəziləri isə təsadüfən işlənir. Çox az işlənən sözlərdən biri də “sənət adamı”dır. İndi isə daha çox “şou əhli” ifadəsi işlənir. 

Bu bir təsadüfdür, yoxsa zərurət?

Dəqiq bəlli deyil. Amma indiki məqamda “şou əhli” daha uğurlu ifadədir. Bəzən şounun sonuna biznes sözü də əlavə olunur. Beləcə incəsənət aləmində olanların böyük qisminə “şou-biznes” əhli deyirlər. Qəribədir ki, bu gün sənətkar olmaq istəyənlərin sayı çox azdır. Əksəriyyət “şou-biznes” nümayəndəsi olmaq istəyir. Bu da təsadüfi deyil. Çünki bu sahədə çoxlu pul, imkan var. 

Üstəlik sənətkar olmaq üçün ustad silləsi dadmalısan, yuxusuz gecələr, ac günlər keçirməlisən. Ən əsası da istedadın olmalıdır. Ancaq şou-biznesdə istedad və digər çətin yollar tələb olunmur. Kiçik kafelərdən başlayan yol müxtəlif yollarla böyük restoranlara və şadlıq evlərinə gedib çıxır. 

Bir az da “fərasəti” olanlar sosial şəbəkələr və digər vasitəsilə məşhurlaşır... 

Bir dəfə hansısa televiziyada görünən şou-əhli artıq özünü teleulduz hesab edir və ortaya konkret iddialar qoyur. Məsələn, bir dəfə televiziyada fonoqram oxuyan şəxs toylara 4-5 min manatdan aşağı getmir. Fikirini də belə əsaslandırır ki, “mən sıradan biri yox, teleulduzam”.  Beləcə sənəti olmayan bir çoxları qısa zaman kəsiyində olurlar şou-biznes əhli. 

Əsas məsələ də bundan sonra başlayır 

Çünki bir az məşhurlaşan istənilən şou-biznes əhlinin kifayət qədər “auditoriyası” və pulu olur. Pul çoxaldıqca da iddialar artır. Belələri artıq əlindəkilərlə kifayətlənmir və daha böyük iddialara düşürlər. İndi tez-tez belə iddialar eşidirik: “filan tədbirə məni qəsdən dəvət etmirlər”, “filan məmur məni qısqanır” və s. 

Bu vəziyyət necə ortaya çıxdı?
 

Nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində uzun illər yaşadığımız formasiyadan imtina etdik, bazar münasibətlərinə keçid elan etdik. Bu keçid dövrü isə çox ağrılı və uzun çəkdi. Bu dövrdə əsas hədəflərə çatmaq üçün müəyyən nöqsanlara göz yumuldu. Nəticədə keçid dövrü bəzi insanlar üçün uğurlu karyera dövrü oldu. 


Bu mədəniyyət və incəsənət sahəsində daha çox nəzərə çarpdı. Efirdə fonoqrama, tədbirlərdə isə popurilərlə populyarlıq qazananların çoxu müxtəlif yollarla irəli getdilər. Şou əhlinin bir qismi isə fəxri ad üçün növbəyə yazıldı. Lakin keçid dövrü başa çatandan sonra artıq yanaşmalar dəyişdi. Artıq fəxri adların verilməsi də, dövlət tədbirlərinə dəvətlər də yeni qaydalarla reallaşmağa başladı.

Sənəti olmayanların fəxri ad iddiası

Təqdirəlayiq olan bu yanaşma şou əhlinin bəzi nümayəndələrinin xoşuna gəlmədi. Xüsusən də, o kəslərin ki, müxtəlif yollarla fəxri ad almaq eşqinə düşüb, gün sayırdı. Belələri açıq deyə bilmirlər ki, “mənə fəxri ad niyə verilmir?”. Çünki özlərinin qabilliyətini və səviyyələrini çox yaxşı bilirlər.
 

Ona görə də alternativə əl atdılar. Xüsusilə də, fəxri adlar üçün təqdimat hazırlayan Mədəniyyət Nazirliyinin üzərinə getməyə başladılar. Biri dedi ki, “mən Xankəndindənəm, amma orada keçirilən heç bir tədbirə dəvət almıram”, başqa birisi deyindi ki, “20 il bütün tədbirlərdə oxuduq, əvəzində heç kəsə lazım olmayan diplomlar verdilər”.


Deyilən fikirlərin sətiraltına baxanda da sezilir ki, 20 il növbədə dayananlar artıq dözmür, fəxri adın tezliklə verilməsini tələb edirlər. Bunun üçünsə təhdid və absurd fikirlərdən belə çəkinmirlər. Amma məşhur tamaşada deyildiyi kimi əsas məsələni yox, “məscidi qışqırırlar”. Guya ki, bunların dərdi ümumxalq problemidir.

İstedad hər zaman özünə yer və hörmət qazanır. 

Fəxri ad heç də hər kəsə hörmət gətirmir. Sabir Mirzəyev, Qulu Əsgərov və digərlərinin fəxri adları yox idi. Amma 50-60 ildir ki, onların ifaları hər kəs tərəfindən sevilə-sevilə dinlənilir. Onların ifalarının bir çoxu hətta “Qızıl fond”a düşüb. 
 

Amma bu gün şou biznesdə “mənəm-mənəm” deyən əksər ifaçını nə xalq sevir, nə də onların ifaları “Qızıl fond”a düşür. Burda bir xatırlatma edim ki, zamanında bir şou-biznes nümayəndəsi sevinə-sevinə kamança ustadı Habil Əliyevin yanına gəlir ki, “məni təbrik edin, fəxri ad aldım”. Ustad təbəssümlə cavab verir ki, “a bala, onlar verirdi-verirdi, sən niyə alırdın?!”.


Ona görə layiq olmadığın titula iddia etmək və bu alınmayada hansısa dövlət qurumunu hədəfə almaq ən azından mənəvi haqsızlıqdır. 

Çünki hər kəs dayandığı yeri bilməlidir. 

Bu gün rəsmi ad almanın müəyyən kriteriyaları var. Hansısa ansamblın solisti olmalısan, dövlət mükafatların və ən əsası sənətin olmalıdır. Özünü şou biznesin parlaq ulduzu hesab edənlər ilk növbədə düşünməlidir – onların zümzümə etdiyi mahnılar Alim Qasımovun, Zeynəb Xanlarovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın, Səkinə İsmayılovanın və digər korifey sənətkarların ifaları ilə müqayisə edilə bilərmi?! 

Bu qədər fərqi görməmək eqoizmdən başqa bir şey deyil. Bu gün sənət üçün fədakarlıq edən nə qədər insan var ki, az maaşla Opera və Balet Teatrına solistlik edirlər. Bəziləri sənətinin incəliyinə yiyələnmək üçün İtaliya, Rusiya kimi ölklərdə illərlə təhsil alırlar. Amma onlar heç çıxıb hansısa iddia irəli sürmürlər, demirlər ki, “mən filan yerin məzunuyam, səs tembrim bu yüksəklikdədir”. 

Ona görə ki, onlar sənətləri üçün yaşayırlar. 

Amma şou biznesdəkilərin çoxu şəxsi qayğıları üçün yaşayıb “yaradırlar”. Belələrinin çoxunun heç ibtidai musiqi təhsili də yoxdur. Bu günlərdə teleefirlərdən birində bir şou ulduzu ardıcıl olaraq 7 musiqi notunu saya bilmədi. Amma, nə olsun... Həmin ifaçılar toylara 7-8 min manata gedir. Halbuki peşəkar opera müğənniləri bu pulu heç 1 ilə qazanmırlar. Ona görə də hər insan dayandığı yeri və danışdığı sözü bilməlidir. 

O ki, qaldı tədbirlərə dəvətə...

Bu gün ictimai və mədəni həyatımızda müxtəlif tədbirlər olur. Həmin tədbirlərsə 2 yerə bölünür - rəsmi və kütləvi. Kütləvi tədbirə istənilən şou nümayəndəsi dəvət oluna bilər. Çünki kütləvi tədbirin spesifikası elədir ki, orada hər kəsin zövqü nəzərə alınır. Belə tədbirlərə meyxanaçıdan tutmuş reperə qədər dəvət olunur. Amma rəsmi tədbirin fəlsəfəsi fərqlidir. Bu tədbirlərdə xalqın mədəni nailiyyətləri təqdim edilir. 

Məsələn, “Xarı bülbül” festivalına dəvət alan sözün həqiqi mənasında sənətkar olmalıdır. Onun istedadı bir yana ansamblla davrana bilməsi də vacibdir. Repertuarı zəngin, səsi isə əsrarəngiz olmaqla yanaşı ansamblla işləməyi bacarmalıdır. Bu mənada efirlərdə və toylarda fonoqrama ilə çıxış edən və ansambl dedikdə yalnız sintizator başa düşənlərə rəsmi tədbirlərdə yer ola bilməz. 

Nə yaxşı ki, bu gün onlara yer yoxdur...

Ən əsası hanısısa dövlət qurumunun şou əhli qarşısında da öhdəliyi yoxdur ki, bütün tədbirlər o dəvət olunsun. Nəzərə alaq ki, hazırda şou əhlinin sayı minlərlədir. Amma rəsmi tədbirlərdə çıxış müddəti 1-2 saatdır. Bu qədər qısa müddətdə onlarla şou əhlinə meydan vermək praktik cəhətdən mümkün deyil. Üstəlik rəsmi tədbirlərdə sənət nümayiş etdirilir, bədən quruluşu yox!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO