Bu gün böyük məhəbbət şairi Mikayıl Müşfiqin anım günüdür.
Düz 84 il əvvəl - 1937-il repressiyasının qurbanı olan Müşfiq güllələnərək Xəzər sularına atılıb.
Faciəli ölümündən sonra qəlblərdə özünün lirik, həzin şeirləri ilə yuva salan nakam şairin xatirəsi bu gün doğulduğu Xızı rayonunun Sayadlar kəndində hörmətlə yad edilib.
Bizim.Media xəbər verir ki, bu gün heç bir dəvət gözləmədən Müşfiq ocağına gələn müşfiqsevər insanlar, ziyalılar, ədəbiyyat nümayəndələri, yerli icra və mədəniyyət qurumlarının əməkdaşları şairin büstünü və adına olan muzeyi ziyarət ediblər.
Büstü önündə keçirilən tədbirdə şairə Ofeliya Babayeva, Nəcməddin Mürvətov, Nəbi Xəzrinin oğlu Arzu Babayev, simli alətlərin tanınmış ifaçısı Abasqulu Nəcəfov, tanınmış ziyalı Adil Sadıqov, şair İbrahim Qiyaslı Mikayıl Müşfiq yaradıcılığından, onun Azərbaycan poeziyasına verdiyi töhvələrdən ətraflı danışıblar.
Müşfiq nəslinin yadigarı - əmisi nəvəsi Vahab İsmayılzadə, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə 30 yaşında qaragüruh qurbanı olmuş nakam şairin nisgilli həyatından kövrəkliklə söz açıblar.
Qeyd edək ki, Müşfiq ocağı Xızının Sayadlar kəndində 1988-ci ildə indi dünyalarını dəyişmiş Əbülhəsən Əhmədov, Cabir Novruz, Tofiq Novruzov, Aydın Zeynalov və digər müşfiqsevər insanların dəstəyi və köməkliyi ilə yaradılıb. Xatirə ocağı Müşfiqin ata ocağı dağıldığından atası Əbdülqədirin dəyirmanının yerində salınıb.
2004-ci ildə xatirə ocağına o vaxtki mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə Mikayıl Müşfiqin xatirə muzeyi statusu verilib.
Muzeyin və yerləşdiyi həyətin abadlaşdırılması indi dövlət orqanları ilə yanaşı Müşfiq yaradıcılığını sevən insanların sayəsində də müntəzəm davam etdirilir.
2021-ci ildə muzeyin həyətinin çəpəri Müşfiq fanatı olan bir vətəndaş tərəfindən yüksək keyfiyyətli, möhkəm dəmir materialdan olan torlarla əvəzlənərək tam bərpa edilib, 2 km aralıdan muzeyə su xətti çəkilib.
Muzeyin ərazisində yaşıllaşdırma işlərinə də xüsusi diqqət yeririlir. Ötən ilin iyin ayında Müşfiqin anadan olmasının 113-cü ildönümü münasibətilə muzeyin həyətində 600-dən çox müxtəlif bəzək kolları və həmişəyaşıl ağaclar əkilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:46 / 06.01.2022
Mikayıl Müşfiqin anım günü Xızıda belə qeyd olundu - FOTO
Hazırda oxunan: Mikayıl Müşfiqin anım günü Xızıda belə qeyd olundu - FOTO
Hazırda oxunan: Mikayıl Müşfiqin anım günü Xızıda belə qeyd olundu - FOTO
54094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.