IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Türk dövlətçiliyi tarixi" mövzusunda elmi panel müzakirə baş tutub.
Paneldə Türk xalqları arasında tarixi, siyasi və ədəbi əlaqələrin dərinliyi, dövlətçilik ənənələrinin formalaşma prosesi və çağdaş dövrdə bu irsin aktuallığı müzakirə olunub.
Bizim.Media xəbər verir ki, paneldə Azərbaycan və Özbəkistan elmi mühitinin tanınmış alimləri çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Yazar Əli Yusifin imza günü keçirildi - FOTO
Çıxışçı qismində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, nəvaişünas Filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Filologiya elmləri doktoru Yaşar Qasımbəyli, AMEA Folklor İnstitutunun elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, Özbəkistanlı Professor Jumagul Suvanova, Özbəkistanlı Professor Munavvara Kurbanbaeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Şəbnəm Mirzəzadə olub.
Panel zamanı türk dövlətçilik düşüncəsinin tarixi kökləri, Orta Asiya və Qafqaz bölgəsindəki mədəni-siyasi təsirləri, habelə Nizami Gəncəvi və Əlişir Nəvai irsinin dövlətçilik ideallarına verdiyi töhfələr elmi əsaslarla təhlil olunub.
Müzakirələr zamanı həmçinin Özbək və Azərbaycan ədəbiyyatları arasında körpü rolunu oynayan ortaq ədəbi yaddaşın qorunması və gələcəkdə birgə tədqiqat layihələrinin aparılması zərurəti də vurğulanıb.
Tədbir, türk dünyasında elmi və mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.
Eyni zamanda Aytən Qurbanovanın moderatorluğu ilə "Yol Ver Türkün Bayrağına" tədbiri təşkil edilib.
Quba Filialının müəllim və tələbə heyəti iştirak ediblər.
Müxtəlif şeirlər səsləndirilib.
Ayşən Rəhim, Sadiq Məmmdədov, Bizim.Media