IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Tarixi romançılığa yanaşma” mövzusunda panel müzakirə keçirilib.
Bizim.Media xəbər verir ki, müzakirədə yazıçı-dramaturq Elçin Hüseynbəyli və tarixi roman yazarı Yunus Oğuz çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Etibar Həsənzadənin imza günü KEÇİRİLDİ – FOTO
Müzakirə tarix və ədəbiyyatın qovuşduğu nöqtələrdə oxucunu düşündürən, maarifləndirən və milli kimliyi önə çıxaran məqamların işıqlandırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Elçin Hüseynbəyli tarixi romançılığın ədəbi yaradıcılıqdakı roluna, yazıçı məsuliyyətinə və oxucu ilə dialoq qurmağın yollarına diqqət çəkib.
O, həmçinin romançının tarixi faktlarla bədii təxəyyül arasında düzgün balans yaratmasının vacibliyini vurğulayıb.
Yunus Oğuz isə öz çıxışında Azərbaycan tarixinə əsaslanan roman nümunələri, mövzu seçimi və yazı prosesində ortaya çıxan çətinliklər barədə təcrübəsini bölüşüb.
O, tarixi şəxsiyyətlərin ədəbiyyatda canlandırılmasının həm maarifləndirici, həm də ideoloji baxımdan güclü təsir gücünə malik olduğunu qeyd edib.
Müxtəlif dövrlərə aid tarixi roman nümunələri üzərində fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində yazıçılar, ədəbiyyatşünaslar, gənc qələm sahibləri və tələbələr iştirak edib.
Auditoriya tərəfindən böyük maraqla qarşılanan tədbirdə interaktiv müzakirələr aparılıb.
Panel şeir qiraətləri ilə davam edib.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media