“Tərəkəmə qadın” sənədli filmi çəkilir - FOTO

“Tərəkəmə qadın” sənədli filmi çəkilir - FOTO

Hazırda oxunan: “Tərəkəmə qadın” sənədli filmi çəkilir - FOTO

24683

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndi, onun qışlaq və yaylaqlarında “Tərəkəmə qadın” sənədli filminin çəkilişləri davam edir.

Bizim.Media xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində yaranmış Gəgəli kəndində heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir.

Ekran əsərinin əvvəlcə kənd və qışlaq kadrları çəkilib. Abidə Mürşüdova və oğlu Cümşüd Mürşüdovun təsərrüfatında olan çəkiliş heyəti indi heyvanların çıxarıldığı Gəgəli yaylaqlarında çəkilişləri davam etdirir.

Filmdə təbiətin genişliyi, ənənələrin qədimliyi, ruhların təmizliyi, heyvanların bərəkətliliyi və yetmiş yaşlarında bir qadının xatirələri ön planda verilir.

O, keçmişlə bu günü müqayisə edir və ənənələrə yeni izahlar gətirir. İcmasının bir fərdi olan Abidə nənə icmasını dünyaya tanıtmağın yollarını arayır. Film, tərəkəmə həyat tərzinə hermenevtik baxışı, tarixi ənənələrin yaşayan folklor nümunəsi kimi interpretasiyasını təqdim edir.

Son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu sahəyə və bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılması üçün prioritetdir.

“Tərəkəmə qadın” sənədli filmi 5 min nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaq. Filmin prodüsser və rejissoru Nihad İsa, ssenari müəllifi Arzu Soltan, məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

Ekran əsəri ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi tərəkəmə həyat tərzinin kənd təsərrüfatı və turizm imkanlarını cəmiyyətə təqdim etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO