"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
Sənətçi izləyicilərdən gələn səhhəti ilə bağlı suallara cavab verib. Tünzalə bildirib ki, xərçəng artıq onun bütün bədəninə yayılıb.
"Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, "Allah nə yazıbsa, o da olacaq". Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə bütün bədənimə yayılıb".
Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, xərçəng şişinin daxili orqanlarına - ağciyər, qaraciyər və sümüyə belə yayıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media