Əməkdar artist ağladı:

Əməkdar artist ağladı: "Həyat yoldaşım vəfat edəndə 7 aylıq hamilə idi" - VİDEO

Hazırda oxunan: Əməkdar artist ağladı: "Həyat yoldaşım vəfat edəndə 7 aylıq hamilə idi" - VİDEO

76243

“Övladım yaş yarım olarkən, həyat yoldaşımı itirmək həyatımın ən ağır günü olub”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “1 dəqiqə” portret verilişində deyib.  

Gənc yaşlarında həyat yoldaşını itirən sənətçi, onun 7 aylıq hamilə olduğunu və körpəsini də itirdiyini açıqlayıb.   

“Arzulayıram ki, bir ömür sürüb, övladımın çiynində bu dünyadan köçüm. Həyat yoldaşım dünyadan köçəndə onun bətnində 7 aylıq körpə var idi. İndi məni bu sözlərimə görə qınaya bilərlər. O anda heç o körpəni düşünmədim. Nəyin ki, bir gəncin ömrü, həyatı. Çox ağır və çətindir”.  

Verilişdə Vasif şər və böhtanlarla üz-üzə qaldığını etiraf edib.   

“Zaman-zaman mənə şərlər atıldı. Ünvanıma mənə layiq olmayan böhtanlar söylədilər. Amma mən hamısına sinə gəldim. Ətraf mənə deyir ki, sən güclü insansan. Ola bilsin ki, gücüm elə ondadır ki, təzyiqlərə sinə gələ bildim. O imtahanlardan da üzüağ, alnıaçıq çıxmışam. Üstümə şər və böhtan atılanda iki məsələyə toxuna bilmədilər. Yel olub, yanından ötə bilmədilər. Bir kişiliyimə, bir də sənətimə”  

Əməkdar artist illər əvvəl borca düşdüyünə görə, Rusiyada bazarda gödəkçə satdığını söyləyib.   

“Rusiyada bazarda işləmişəm, gödəkçə satmışam. Atam, qardaşım və mənim başıma çox pis hadisələr gəldi. Mən çox böyük borca düşdüm. Kəfəni boğaza dolayıb, Moskvaya getdim. Bazarda işlədim, amma şərt vardı. Borcumu ödəyənə kimi Moskvada olacağam. Borcum bitdiyi gün buranı tərk edəcəyəm. Mənə Moskva lazım deyil. Məni ölümlə də hədələdilər. Amma bu məsələ borcla bağlı deyil. Bu haqda danışmaq istəmirəm. Borcumu ödəyəndən sonra Vətənə qayıtdım.

Ən son addımım belə olacaqdı, heç nə alınmasa evimi satacaqdım. Amma ayaq üstə dura bildim. 1997-ci ildən sonra hər şeyi bitmiş hesab elədim və sənətimlə məşğul oldum. Prodüser Asif Kərimovla işləməyə başladım. 2000-ci ildə “Bakılı qız” mahnısı ilə məşhurlaşdım”.
V.Məhərrəmli valideyinlərindən də söz açıb.   

“Bütün əzab-əziyyətləri 20 yaşdan sonra çəkmişəm. Atam dünyasını Bələdiyyə sədri kimi dəyişib. O, birdən-birə komaya düşdü. Heç nəyi vəsiyyət edə bilmədi. Atamın ruhunu hər zaman çiyinlərimdə hiss etmişəm. Anam üçün şərait yaratdım. Əlimdən gələni onun üçün etdim. O, mənə deyir ki, hər dəfə gecə yuxudan oyananda sənə dua edirəm”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO