“Gücüm ona çatdı ki, bir çox tanınmış alimi, ziyalını Milli Şurada təmsil olunmaqdan çəkindirə bildim”
Milli Şuranın üzləşdiyi acınacaqlı vəziyyətin cəmiyyətdə müxalif düşərgəyə qarşı inamsızlıq mühiti yaratdığı danılmazdır. Elə tanınmış filosof, professor Əbülhəsən Abbasov da Milli Şuranın seytnot vəziyyətinə düşməsinin əvvəlcədən də gözlənildiyi qənaətindədir və baş verənləri həmin qurumda təmsil olunan aparıcı siyasi liderlərin səriştəsizliyində axtarmağın doğru olduğunu düşünür.
Moderator.az-a açıqlamasında ünlü filosof bildirdi ki, hələ Milli Şura ideyası gündəmə gələndən xeyli əvvəl ölçülüb-biçilmiş, qarşıya qoyulmuş hədəflərə uyğun gələn və hər tərəf üçün xeyirli olan yol təklif edib: “Özüm də bu yolun bütün nəzəri əsaslarını işləyərək hazırlamışdım. Ancaq görünür həm ağılları, həm siyasi hazırlıqları yetərli olmadığından bu cür xoşagəlməz vəziyyətlə qarşı-qarşıya qaldılar. Mən ilk gündən bu yolun səhv olduğunu və uğursuzluğa düçar olacaqlarını həmin qurumdakı bir çox şəxslərlə söhbətimdə bildirmişdim. Sadəcə olaraq gücüm ona çatdı ki, tanınmış bir çox alimi, ziyalını həmin qurumda təmsil olunmaqdan çəkindirə bildim. “
“Necə düşünürsünüz, artıq Milli Şuranın məğlub olduğunu söyləmək lazımdır, yoxsa hələ hər şey itirilməyib” sualına cavabında da professor bildirdi ki, artıq nəyəsə ümid etmək aldadıcı optimizmdən başqa bir şey deyil: “Bir əməlin ki, təməli düzgün qoyulmaya, onun üzərində yaradılan hər şey süquta məhkumdur. Milli Şurada təmsil olunanlar bir daha öz yararsızlıqlarını sübut elədilər. Əlbəttə, onların illər uzunu çəkdikləri zəhməti, əziyyəti qiymətləndirirəm, ancaq etiraf etməliyik ki, bunlar özlərinə də bəla olublar, xalqa da, cəmiyyətə də. Bəlli oldu ki, onların siyasi səriştələri də kifayət qədər deyil. Azacıq siyasi təcrübəsi olan adam bu cür aldanmamalıydı. Ömürlərini siyasətə həsr etmiş bu adamlar ilk gündən bunun bir tələ olduğunu anlamalıydılar. Bu ideyanın kimlərə xeyir gətirdiyi də indidən gün kimi aydındır.”






























































































