"Müsəlman ölkəsi olan Azərbaycan “Eurovision-2025” mahnı müsabiqəsində iştirak etmək üçün yəhudiəsilli müğənni Asəf Mişayevi seçib. Bu addım ölkənin unikal tolerantlığını vurğulayır. Azərbaycanın dağlıq bölgəsindən olan yəhudi Mişayev 2013-cü ildə ilk “Astarai Juuro” adlı dağ-yəhudi mahnı müsabiqəsində qalib gəlməklə yanaşı, həm də Bakının Yəhudi İcmasının nəzdindəki klubda uşaq və yeniyetmələr üçün vokal dərsləri keçir".
Bizim.Media İsrail mediasına istinadən xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib:
“Biz azərbaycanlı yəhudi Asəf Mişayevin öz istedadlı “Mamagama” qrupu ilə “Eurovision” səhnəsində ölkəsini təmsil edəcəyini eşidəndə çox həyəcanlandıq. Azərbaycan bizim yaxın dostumuzdur, həmçinin müsəlmanların, xristianların və yəhudilərin bir yerdə yaşadığı ölkədir.
Bu, yəhudi və ya xristian nümayəndələrinin onu beynəlxalq arenada – idmanda, incəsənətdə və mədəniyyətdə təmsil etdiyi ilk hal deyil.
Uzun və çətin ilkin seçmə prosesindən sonra Asəfin və onun komandasının seçilməsi Azərbaycanın açıq və ilhamverici ruhunun daha bir təzahürüdür. Öz adımdan və İsrail xalqı adından Asəfə, qrupa və bütün Azərbaycana böyük uğurlar arzulayıram”.
Yəhudi agentliyinin fəxri elçisi Roman Qureviç qeyd edir ki, Azərbaycanda əsrlərboyu heç vaxt antisemitizm olmayıb. O əlavə edib: “Bu, İsraildən başqa yeganə ölkədir ki, burada bütöv bir yəhudi şəhəri var”.
Onun sözlərinə görə, Azərbaycanda yəhudilərə xüsusi hörmət qalmaqdadır və yəhudi bayramları həmişə müsəlman qonşularla hədiyyə mübadiləsi ilə müşayiət olunur. Xalqlar dostluğuna nümunə kimi Ermənistanla müharibədə göstərdiyi qəhrəmanlığa görə Milli Qəhrəman adına layiq görülmüş yəhudiəsilli əsgər Albert Aqarunovun heykəlini göstərmək olar.
Qureviç bildirib ki, Azərbaycanda 40 minə yaxın yəhudi yaşayır və onlara xüsusi qayğı göstərilir.
O, əlavə edib: “Baş verən 7 oktyabr hadisələrindən sonra dünyanın bizə qarşı səfərbər olduğunu gördüyümüz bir vaxtda Azərbaycanın sadə vətəndaşları səfirliyə gül və şamlar gətirərək, orada İsrail və Azərbaycan bayraqlarını asdılar”.
Bizim.Media