7 il əvvəl sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib yatağa məhkum olan, Ağakərim ləqəbi ilə ölkədə məşhurlaşan meyxanaçı Kərim Novruzovun reabilitasiya müalicələrinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verilib.
Klinikaların birində müalicə alan söz xiridarının hazırkı sağlamlıq vəziyyəti ilə bağlı həkim-reabilitoloq bu fikirləri səsləndirib:
“Artıq ikinci gündür ki, Ağakərimin müalicələrinə başlamışıq. Ümid edirik ki, bu müalicələr effektiv olacaq və qısa zamanda müsbət nəticələr əldə edəcəyik. Təbii ki, bu, vaxt tələb edəcək. Bu gün artıq dərman müalicələrinə başlayacayıq. Ağakərimə sistemlər köçürüləcək. Həm dərman, həm də reabilitasyon tədbirlər sənətkarın səhhətində müsbət dinamika olacaq”.
Ağakərimin oğlu Kamil isə atasının səhhəti ilə bağlı bu sözləri dilə gətirib:
“Ötən gün reabilitasiyadan sonra atamı evə gətirdik. O, düz 3 saat oturaq vəziyyətdə qaldı. Sonra isə gördük ki, o vəziyyətdə yuxuluyur. Yəni bir günlük müalicənin belə nəticəsini gördük”.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.
Rəşad Əliyev, Bizim.Media