Əməkdar artist Almaz Ələsgərova canlı efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində ona təqdim olunan mücrüdə mərhum həmkarı Rəhim Rəhimlinin papağını görüb göz yaşlarına hakim ola bilməyib.
Proqramın aparıcısı Vüsalə Əlizadə bildirib ki, Rəhimin anası Firəngiz xanım verilişdə iştirak etmək istəsə də, səhhətində yaranan problem buna əngəl olub.
Rəhimlə uşaqlıqdan bəri dostluq etdiyini söyləyən Almaz mərhumla bağlı xatirələrini dilə gətirib:
“Biz uşaqikən verilişlərə Rəhimlə bir yerdə gedirdik. Bərabər idik. Əvvəllər efirlərə çıxmaq çox çətin idi. Rəhimin o qədər istedadı var idi ki... Rəhim ölməməli idi, yaşamalı və yaratmalı idi. O, sənətdə çox şeylər edə bilərdi. Heyif ki, Rəhim mənə qulaq asmadı. Mən onunla görüşəndə deyirdim ki, mənə qulaq asmırsan. Mənə “eee” deyə cavab verirdi. Onun belə bir xasiyyəti vardı.
Deyirdim ki, insan yaşlaşanda bəzi şeylərə görə peşmanlıq çəkir. Deyirdim ki, mən istəmirəm sən... Allah rəhmət eləsin Rəhimə. Allah Firəngiz xanıma səbr versin”.
Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı, eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş.
Rəşad Əliyev, Bizim.Media