“Hansı janrda oxumağımızdan aslı olmayaraq biz ekrandan mədəniyyətimizi, incəsənətimizi gözəl formada təqdim etməliyik. Gənc müğənnilər bir yerə çıxıb, səhnə alanda ailələri və müəllimləri ilə məsləhətləşməlidirlər. Estradanın özünün də geyim tərzində bir mədəniyyəti var. Biz mədəniyyətimizə qulluq ediriksə istər ekranlardan, istərsə də səhnəmizdən biz örnək olmalıyıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “Şou xəbər” verilişinə müsahibəsində deyib.
Sənətçi bayağı mahnıların populyarlaşmasında günahı sosial şəbəkələrdə görüb:
“Bəzən bir mahnı ilə şöhrətə, zirvəyə qalxırlar, yerişi-duruşu belə dəyişir. Amma zamanla yavaş-yavaş öz yerini alır. Görürlər ki, o şöhrətə uymaq heç bir insana baş ucalıq gətirmir. Zövqsüz musiqilər və sözləri bayağı olan mahnılar var. Həmin mahnılar isə müəyyən müddətdən, yəni bir-iki aydan sonra unudulur. Bayağı mahnıların günahı sosial şəbəkələrdədir, məndə deyil. Gənc ifaçılar bu yolda zövqləri düşünərək addımlasınlar. Bu xalqın zövqü gözəldir”.
Rəşad Əliyev, Bizim.Media