Azərbaycan sadəcə Bakıdırmı?

Azərbaycan sadəcə Bakıdırmı?

Hazırda oxunan: Azərbaycan sadəcə Bakıdırmı?

97287

“Azəriqaz”x9d İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev cəmiyyətdə şok effekti yaradan əcaib açıqlama ilə çıxış edib. Gədəbəyin Şınıx bölgəsində, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin dağlıq relyefə malik olduğunu əsas gətirən Ə.Hacıyev, həmin kəndlərər qaz çəkməyin iqtisadi baxımdan rentabelli olmadığını bildirib. “Azəriqaz”x9d rəhbərinin sözlərinə görə, məhz bu səbəbdən həmin kəndlərə qaz çəkilişi reallaşmayacaq.

Bəli, nə qədər inanılmaz və məntiqəzidd olsa da bu gün bütün dünyaya neft-qaz ixrac edən, xarici ölkələrdə böyük maliyyə vəsaiti tələb edən iri layihələrə yüz milyonlarla vəsait ayıran Azərbaycanda dağ kəndlərinə qaz çəkilişi problemə çevrilib. Problemin mahiyyətini isə qaz çəkilişi üçün gərəkli olan xərcin qaz istismarından əldə ediləcək vəsaitdən çox olması, başqa sözlə desək, dağ kəndlərində yerləşən mənzillərin sayının yüzlərlə deyil, onlarla ölçülməsidir.

Göründüyü kimi, “Azəriqaz”x9d yetkilisi hər şeyi sırf iqtisadi maraqlar konteksində, maddi mənafe müstəvisində təhlil edir. Halbuki, dünyanın heç bir dövlətində insanların yaşamı üçün zəruri olan  kommunukasiya vasitələrinin çəkilişinə maddi maraqlar konteksində yanaşılmır. Burada nəzərə alınması gərəkən ən başlıca amil məlum kommunukasiya sisteminin həmin insanların həyatındakı önəmi, onların işıq, qaz, su,yol və s. kimi zəruri kommunukasiya vasitələri ilə təmin edilməsidir. Dünyanın sivil, demokratik ölkələrinin heç birində dövlət vəsaiti vətəndaş rifahından üstün hesab edilmir.

İnsanları ucqar dağ kəndində yaşadıqları üçün qazsız qoymaq, onları XXI əsrdə, bəşəriyyətin  nüvə və alternativ enerji mənbələrindən istifadə etdiyi bir zamanda odun və ya təzək ümidinə buraxmaq nə dərəcədə məntiqlidir? Doğrudanmı dağ kəndində yaşamaq insanların qazdan istifadə hüququnu əngəlləyən bir durumdur? Həqiqətənmi orda məskunlaşan insanların sosial rifahını yaxşılaşdırmaq, qışın dondurucu soyuğundan hifz etmək üçün xərcə düşməyə dəyməz? Ümumiyyətlə, dövlətin öz vətəndaşının rifahı üçün sərf etdiyi vəsaiti məbləğindən asılı olmayaraq xərc adlandırmaq, ona lüzumsuz sərfiyyat kimi yanaşmaq nə dərəcə doğrudur? Madam ki, dövlət vətəndaşla bağlı atdığı hər addımda öz maddi mənafeyini əsas götürür, o zaman vətəndaş da dövlətlə bağlı atdığı addımlarda öz şəxsi mənafeyini əsas götürmək haqqı əldə etmirmi? Və nəhayət, Ə.Hacıyevin özü həmin dağ kəndində yaşayan sadə bir vətəndaş olsaydı, bu qərarı ədalətli hesab edərdimi?

Cavabı özündə olan bütün bu suallar bir daha təsdiq edir ki, dağ kəndlərində məskunlaşan vətəndaşlarımızın məhz məskunlaşdıqları məkan səbəbi ilə qazsız qoyulması nə qanuna, nə insanlığa, nə də vətəndaş-dövlət münasibətinə sığmır. “Azəriqaz”x9dın qazlaşdırmaqdan imtina etdiyi kəndlər təmas xəttinə yaxın ərazidə yerləşir ki, bu faktın özü onların qazlaşdırılmasını ikiqat zəruri edir.

Beləliklə, nə qədər acı da olsa etiraf etməliyik ki, bu gün ölkədə insanların yaşadıqları məkana görə müxtəlif kateqoriya və təbəqələrə bölünməsi prosesi reallaşır. Rayon qeydiyyatında olan avtomobillərdin paytaxta daxil olmasının yasaqlanmasından sonra yüksək dağ kəndlərində məskunlaşan vətəndaşların qaza olan tələbatının təmin edilməsindən imtina edilməsi də bu həqiqətin bariz nümunəsidir. Bu gedişlə bir xalqın, bir dövlətin nümayəndələrinin yaxın gələcəkdə əlli kateqoriyaya bölünəcəyi, sadəcə yaşadığı məkana görə deyil, həm də əmlakına, gəlir səviyyəsinə, cəmiyyətdəki nüfuzuna, vəzifəsinə, dərisini rənginə, üzünün çalarına, səsinin tonuna qədər bir çox növdə çeşidlənəcəyi şübhəsizdir. Bu gün biz millət olmaqdan daha çox çeşid və növə çevrilməyin astanasındayıq.

Təəssüf doğuran proseslərdən biri də son vaxtlar alınan bütün qərarlarda yalnız Bakı və orada məskunlaşan vətəndaşlarımızın maraqlarının müdafiə edilməsi, respublikanın digər bölgələrində məskunlaşan insanlara qarşı bir qədər ögey, ikinci dərəcəli insan münasibətinin sərgilənməsidir. Rayon maşınlarının paytaxta buraxılmaması, yüksək dağ kəndlərinin qazlaşdırılmasından imtina edilməsi bu münasibətin göstəricisidir. Halbuki, Azərbaycan sadəcə Bakıdan ibarət olmadığı kimi, Azərbaycan insanının mənafeyi də yalnız Bakı insanının mənafeyi ilə məhdudlaşmır. Biz harada, hansı coğrafi relyefdə, hansı say çoxluğu, hansı nüfuz sıxlığı ilə yaşamasından asılı olmayaraq, Azərbaycanın bütün nöqtələrində məskunlaşan insanlarımızın normal sosial rifahını təmin etməyə borcluyuq. Bu, bir seçim yox, bir borc məsələsidir və bu məsələdə hər hansı tərəddüdə yer yoxdur. Əks təqdridə, bu gedişlə Azərbaycan doğrudan da sadəcə Bakıdan ibarət tək şəhər-tək dövlət halına gələcək və Azərbaycan olmaqdan çıxacaqdır.

 

Seymur Əliyev

e-mail: seymur_dq04@mail.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO