Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycan dövləti üçün ən təhlükəli düşmən Rusiyadır. Məncə bu fikirdə tam olmasa da müəyyən qədər həqiqət payı var. Çünki, çağdaş Rusiya dövləti hələdə öz sələfi olan çar Rusiyasının imperialist və hegemonluq maraqlarından tamamı ilə imtina edə bilməyib. O dövrdən çox uzun sürə keçməsinə və bu sürədə dünyanın inzibati-siyasi xəritəsində, iqtisadi, siyasi inkişafında, idarəetmə sistemlərində, ən nəhayət insanların elm və təhsil səviyyəsində, dünya görüşündə böyük dəyişikliklər olmasına, eyni zamanda keçən əsrdə elə Rusiyanın özündə elmdə, iqtisadiyatda və siyasətdə ciddi inqilablar baş verməsinə baxmayaraq Rusiya hələ də çar monarxiyasının düşüncə və idarəetmə sistemlərindən köklü şəkildə qurtula bilməyib. Bu gün böyük dövlətlərin klassik müstəmləkəçilik formalarından imtina edərək yeni müstəmləkəçilik formalarına yiyələnib həyata keçirməsi, ərazi işğallarının iqtisadi, siyasi, ideoloji və idarəetmə işğalları ilə əvəzlənməsi belə Rusiyanın siyasət və idarəetmə düşüncəsinə tam hakim kəsilməyib. Elə bunun nəticəsidir ki, Rusiya iqtisadi, siyasi, ideoloji və idarəetmə baxımından nəinki rəqiblərindən, hətta keçmişdə müstəmləkəsi olduğu halda bu gün müstəqil olan, amma Rusiyanın yenə öz müstəmləkəsi kimi baxdığı (ac toyuq yuxusunda darı görər) bir çox dövlətdən belə geri qalır. Bu səbəbdən də Rusiya bu dövlətlərlə hər zaman və hər platforumda çağdaş inkişafın tələb etdiyi dildə danışa bilmir, çox zaman rəqiblərinin onunçün hazırladığı təxribatlara uyaraq güc dilində danışmağı özü üçün üstünlük və çıxış yolu görür. Burda həbsxanada bəzi məhbuslar tərəfindən sındırılmaq istənən məhbuslara qarşı işlədilən və veriləcək cavabın hər iki variantı uduzmağa məhkum suallardan biri yadıma düşdü. Sual belədi: Ağıl üstündü ya güc? Güc deyən məhbusa verilən ikinci sual belə olur: Sənə ağılla bir şey eləsəm (təbii ki, orda elənəcək şey çox açıq və sərt şəkildə deyilir) güclə qarşısını ala bilərsənmi (yaxud da əksinə)? Burda məhbusun bir yolu qalır. Rəqibə hücum etmək və ən azından xəsarət yetirmək. Bu isə həmin məhbus üçün yeni əzablar və faciələr doğurur. İndi Rusiya da sındırılacaq məhbusun gününə düşüb. Nə ona qarşı ağılla edilənə iqtisadi geriliyinin və zəifliyinin hesabına güclə cavab verə bilir, nə də güclə edilənə siyasi sisteminin və idarəetməsinin zəifliyi ucbatından ağılla cavab verəməyə imkanı var.
Bəli keçmiş sovet respublikalarını utanmazcasına öz ərazisi sayan Rusiya bizim üçün çox təhlükəli düşməndi. İqtisadi cəhətdən bizdən çox güclüdü və hərbi cəhətdən isə bizdən üstünlü müqayisə olunmaz dərəcədə böyükdü. Rusiya istənilən vaxt Azərbaycanı daxildən qarışdıra biləcək imkanlara sahibdir. Yəni istənilən vaxt burdakı azsaylı xalqlardan istifadə edib Azərbaycanda süni çaxnaşmalar törədər, yaxud burda yaşayan rusların hüquqlarının pozulduğunu bəhanə edib müəyyən addımlar ata bilər, ya da Rusiyada yaşayan bütün azərbaycanlıları ölkədən çıxarmaqla Rusiya xüsusi xidmət orqanlarına cəlb etdiyi yurddaşlarımızla vətənimizdə gərginlik yaradar və yaxud da Azərbaycandan Rusiyaya təhlükə var bəhanəsi ilə sərt hərəkətlər edər. Yəni Rusiya istənilən vaxt qurd və quzu təmsilində olduğu kimi bir bəhanə tapa bilər. Ya da heç bir bəhanəyə ehtiyac olmadan öz forpostu olan Ermənistana hər cür yardım edərək Azərbaycana hücumu gerçəkləşdirər. Son anda isə ağılsızlıq edərək heç nədən çəkinmədən Kırımı olduğu kimi bizi də açıq və abırsızcasına işğal edə bilər (hərçənd ki, bu artıq Rusiyanın dövlət kimi mövcudluğunu sual altına qoyar). Bütün bunlar nəzəri cəhətdən mümkündü (Niyə nəzəri cəhətdən? Çünki, artıq Azərbaycan dövlətinin təhlükəsizliyini qoruyacaq milli kadrlardan oluşmuş xüsusi xidmət orqanları, sərhəd qoşunları, ordusu, siyasi, iqtisadi və idarəetmə sistemi formalaşıb). Məlumdu ki, Rusiyanın etmə ehtimalı olan yuxarıda qeyd etdiyimiz hərəkətlərinin hər biri- dövlətimizin zəifləməsi, iqtisadi və siyasi sıxıntılar yaşanması, vətəndaşlarımızın yaralanması və ya ölməsi, ərazilərimizin itirilməsi və ən nəhayət 1920-ci il aprelin 20-də olduğu kimi dövlət müstəqilliyimizin itirilməsi bizim üçün çox zərərli və ağırdır. Bizim üçün bu dərəcədə zərərli və ağır olan bu hallar Rusiyanın özü üçün xeyir gətirərmi? Məncə yox. Bu Rusiya üçün çox böyük yanlış olar. Çünki, bu gün Rusiyanın son dövrlərdə özü üçün yaratdığı problemlərin onu kifayət qədər çıxılmaz duruma saldığı bir halda, bütün güc və imkanlarını səfərbər edib həm bu, həm də daxilindəki sorunları çözməsi gərəkdiyi bir vaxtda, yeni bir cəbhə açmaq Rusiya üçün intihar etmək olar. Və mən ona da əminəm ki, çağdaş Rusiyada bu hərəkətlərin yanlış olduğunu görən, bilən, eyni zamanda bu yanlışların Rusiyaya verəcəyi zərərlərin qarşısını alamağa çalışan kifayət qədər qüvvələr var. Əgər belə olmasaydı Rusiya hakimiyyətindəki avantüristlər bu hərəkətləri çoxdan edərdilər. Bəs bu hərəkətlər nədən Rusiyaya xeyir gətirməz?
Onsuz da qərb Rusiyanın qarşısına Ukrayna adlı bir zəhərli bir yem atıb. Rusiya bu yemi yesə də zərər görəcək, yeməsə də. Yesə və ya yeməyə davam etsə indikindən də artıq şəkildə iqtisadi sanksiyalar və siyasi təcridlə üzləşəcək, daxildəki narazılıqlar artacaq, günü gündən gücdən düşəcək. Yeməsə isə bütün maraqlarına təcavüz olunacaq. Indi Rusiyanın birinci zərərdən qurtarmamış ikinci zəhərli yemə tamah salaraq yanlışa düşməsi Rusiyanın təkcə zərərini artırmaz, həm də onu məhvə aparar. Bu iqtisadi cəhətdən rəqiblərindən çox zəif olan Rusiyanı çökdürər. Yaxud da qərbi Rusiyanı daha çox zərərə uğratmaq, zəiflətmək üçün ya bu bölgələrdə hərbi gərginliyi artırmağa, ya da Rusiyanın daxilindəki subyektlərdə mərkəzdənqaçma meyllərini və separatizmi gücləndirərək (Çeçenistan odunun közü hələ külə dönməyib) Rusiyanın demontajına sövq edər.
Rusiya vətənimizin bir hissəsini ikiyüz ilə yaxın işğal etdi. Amma istədiyi sonucu əldə edə bilmədi. Çünki istənilən halda Rusiyanın bizim vətənimizi ilk dəfə işğal etməsinin tarixi bəllidir. Rusiya bizim tariximizi kitablarda saxtalaşdırsada bizi özünə bağlaya bilmədi. Rusiya bizə mədəniyyət gətirdiyini iddia etdi, amma bizim tariximizin də mədəniyyətimizin də Rusiyanın tarixindən və mədəniyyətindən çox qədim və böyük olması qarşısında gülünc vəziyyətdə qaldı. Rusiya bizim genetik kodlarımızın dəyişdirilməsi üçün repressiyalar və digər ağır əməliyyatlar apardı, amma millətimizin böyük tarixi və mədəniyyəti, eyni zamanda türk kimliyi daşıyan dərin genetik yaddaşı onun istəyinə çatmasına imkan verədi. Rusiya özünü bizə “böyük qardaş”x9d kimi sırımağa çalışdı, amma son anda anladı ki, bizim heç bir böyük qardaşa ehtiyacımız yoxdu və bizim Anadolu, Qazax, Qırğız, Özbək, Tatar, Başqurd türkü və saymadığımız başqa türk elləri kimi qardaşlarımız var. Düşünürəm ki, Rusiya bu gün də bir çox türk ellərini işğalda saxlamağın doğuracağı sonucları düşünməmiş deyil.
Qeyd etdiyimiz kimi Rusiya vətənimizin bir parçasını iki yüz ilə yaxın işğal altında saxlamış, amma bu dövr heç də sakit dövr olmamış, xalqımız daim azadlığı uğrunda savaş vermiş və ən nəhayət iki dəfə buna nail olmuşdur. Birinci dəfə ilk işğaldan 115 il sonra 1918-ci ildə bağımsızlıq əldə edən dövlətimiz 23 ay yaşadı, ikinci dəfə isə ikinci işğaldan 71 il sonra 1991-ci ildə bağımsızlıq savaşı başarıyla tamamlanaraq müstəqil Azərbaycan dövləti bərpa olundu. Bu yaxınlarda bağımsızlığının 24 yaşını qeyd edəcəyimiz Azərbaycan Respublikasının təkrar olaraq bir də Rusiya tərəfindən hər hansı şəkildə işğal olunacağına heç bir ehtimal vermirəm (buna yuxarıda qeyd etdiyimiz səbəblərlə yanaşı, böyük dövlətlərin maraqlarının, dünyada gedən proseslərin və Türkiyə amilinin də müəyyən qədər təsiri var). Hətta son nəticədə Rusiya buna getsə belə bu uzun sürməz və yuxarıda da qeyd etdiyimiz kimi Rusiyanın tamamı ilə dağılması ilə nəticəlıənər. Amma bütün bunlara baxmayaraq öncədə qeyd etdiyimiz kimi Rusiya öz məqsədlərinə çatmaq üçün müəyyən cəhdlər edəcək. Mənim fikrimcə bu cəhdlər də dövlətimizin apardığı müstəqil siyasət nəticəsində uğursuzluqla sonlanacaq, dövlətimizin inkişafını ləngitməkdən başqa heç bir işə yaramayacaq cəhdlər olacaq. Digər tərəfdən onu da vurğulamalıyıq ki, bizim müstəqil dövlət olmağımız (hərçənd ki, burda da Rusiya bizim güclü deyil, zəif, ondan asılı olan, ən azından bir çox məsələlərdə onun maraqlarına uyğun hərəkət edən bir dövlət olmamızı istər) Rusiya üçün heç bir təhlükə yaratmır, əksinə müstəqil dövlət kimi bizim Ruaiya ilə dostluğumuz və mehriban münasibətimiz bir çox hallarda- xüsusi ilə sanksiyalar və siyasi təcridlərlə üzləşdiyi indiki çağda Rusiyanın işinə yarayır. Bura qədər bütün dediklərimizin yekunu olaraq deyə bilərik ki, Rusiya bizimçün düşməndi. Həm də çox təhlükəli düşməndi, ancaq bizi çıxılmaz vəziyyətə salacaq və yaxud da millətimizin və dövlətimizin daha böyük faciələrlə üzləşməsinə səbəb olacaq dərəcədə ən təhlükəli və ya həlledici düşmən deyil.
Bünyamin Qəmbərli
































































































