Çətin bir də...

Çətin bir də...

Hazırda oxunan: Çətin bir də...

58631

Çətin bir də su sıza

Biz gülzarını xəzan vurmuş

bir balaca yurduq,

içinə həşir düşmüş

bir balaca elik,

yer kürəsinin

didim-didim didilmiş,

parçalanmış bucağında.

Biz həm də bir balaca

yurd içində, el içində,

bir-birinə tələ quran,

qarmaq atan,

şöhrət üstə, kürsü üstə

bir-birini bazarlayıb,

bir quruşa yada satan

üzü dönük övladlarıq

səhər axşam bizə layla deyən

vətən adlı anamızın qucağında.

Biz xilaf çıxdıq,

Allah qisməti vətən əmanətinə,

Şərəfdən donumuzun biçildiyi

insanlıq zəmanətinə.

Badələr əlimizdə tərif yağdırdıq

kabab iyli yaylaqlara,

Bəh-bəh deyə-deyə

döndərdik Azərbaycanı

əcnəbilər kefin çəkən oylaqlara.

Düşdük it ağzına, qurd ağzına,

Kilid vurduq haqdan gələn

söz ağzına.

İnandıq ağzı plov iyli

imanı qırıq “dindar”lara,

Hərə bir büt yaratdı,

heykəllər ucaltdıq,

millət atası fironlara.

Şərin çatısı ilan tək sarıldı

boynumuza,

Çıxmadı xalqın sözün deyən

 rəhbər kimsə qarşımıza.

Harada qaldı bu yurdun

ağzı dualı hacısı, kərbəlası,

Niyə qurtulmur bizdən

zülmün ərşə dirənən

hər çür bəlası.

Yetməz qardaşım, yetməz,

yerdən göyə gedən

ahımız amanımılz,

Qənim kəsildi bizə

Dünənə arxa çevirib,

arxamızca gələnləri,

sabaha arxayın salan

yalançı gümanımız.

Biz gəzdik ağa dalınca,

ağalıqdan uzaq olduq.

Xoşlamadıq bəyzadəliyi,

nəfsin qurbanı,

köləliyə dustaq olduq.

Birimiz mindik ağzı köpüklü

azğınlaşmış şöhrət atına,

Qəzəb üstün gəldi,

rişxənd etdik birimiz,

digərinin künyəsin- zatına.

Düşmən yalan oldu

daş atdıq,

daşladıq bir-birini,

Buraxdıq taleyin kor ixtiyarına

boşladıq bir-birini.

Arxalı köpəklər qurd basdı,

arxa olammadıq arxasıza,

Çətin bir də

qurutduğumuz arxa su sıza.

Birimiz sağa,

birimiz sola çəkdik,

Yol allah yoluydu, əfəndim,

nədən hərəmiz bir yola çəkdik.

 

Nurəddin İsmayıl

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO