Bəs Dilqəmlə Şahbaz necə  SƏS VERƏCƏK?...

Bəs Dilqəmlə Şahbaz necə SƏS VERƏCƏK?...

Hazırda oxunan: Bəs Dilqəmlə Şahbaz necə SƏS VERƏCƏK?...

220444

...Gün döndü, ay dolandı, il ötdü, gəldik çatdıqxa0 növbəti Prezident seçkilərinə... Namizədlər özlərini, MSK öz işini təriflədi. Seçki prosesinin, seçki məntəqələrinin müasir dünya standartlarına uyğunxa0 təşkil edilməsindən, qurulmasından danışıldı. MSK-nın verdiyi məlumata görə, hətta ən ucqar dağ kəndlərində belə, seçki məntəqələri normal qaydada qurulub, təchiz edilib və aprelin 11-də seçicilər sərbəst şəkildə gedib öz istədikləri namizədə səs verə biləcəklər...xa0xa0

***
Namizədlərə də, seçicilərə də, namizədliyə də, seçməyə də Allah rizası üçün gedənlərə uğurlar diləyirik...xa0

***
Şükür Allaha, respublikamızın nəzarətimizdə olan 80 faiz ərazisində sabitlikdir, başımıza bomba yağmır, bir tikə çörəyimizi birimiz asanlıqla, beşimiz minbir əziyyətlə-filanla, kreditlə, borcla tapıb yeyirik. Bakıda, Şəkidə, Gəncədə, Bərdədə, lap elə Ağdamın hazırkı mərkəzi Quzanlıda, Füzulinin mərkəzi Horadizdəki vətəndaşlarımızın aprelin 11-də rahat gedib səs vermək imkanı var...xa0xa0

***
Amma biz didərginlər, respublikanın 1 milyona yaxın vətəndaşı yenə öz doğma yurdumuzda, şəhərimizdə, kəndimizdə səs verə bilmirik... Səslərimiz yenə də Cıdır düzünə, Kirsə, Hoçaza, İşıqlıya, Qırxqıza, Dəlidağa, Murova yetmir...

***
Özümdən asılı deyil.... Hər gecə Bakıdan Bərdəyə gedib çıxıb,xa0 ordan da “dördyol”dan “gizlicə” o tərəfə adlayıb Ağdam məscidində namaz qılıb, Əsgəran qalasından, Xocalıdan, Xankəndindəki Ağa körpüsündən keçib Şuşa türməsində Dilqəmlə Şahbazı ziyarət edib Cıdır düzündən yola çıxaraq Şuşa, Laçın Turşsularından içib, ordan da ağzı yuxarı Kəlbəcərə tərəf qalxıb İstisuya, Dəlidağa, Murova yetişib, o zirvələrdən Gəncəyə, Bakıya, Şəkiyə tərəf boylanmasam, olmur, yuxuya keçə bilmirəm...xa0

***
Son gecələr onu da düşünürəm ki, bəs Şuşa türməsindəki Dilqəmlə Şahbaz(bilmirik, bəlkə əsir kimi “qara” işlərdə işlədilənxa0 başqa soydaşlarımız da var oralarda), Kəlbəcərdə Zod qızıl yatağında və bilmədiyimiz neçə yerlərdə qul kimi işlədilən minlərlə əsirxa0 oğlumuz, qız-gəlinimiz necə səs verəcək, kimə səs verəcək, harda səs verəcək? Axı onlar da Azərbaycan vətəndaşlarıdır, onların da bizim kimi səhər-səhər rahat yuxudan oyanıb, yeyib-içib maşına əyləşib seçki məntəqəsinə gedərək istədiyi namizədə səs vermək hüququ var...

***
Həqiri-bəndənizin Ağdamdan keçib Şuşa türməsində Dilqəmlə, Şahbazlı ziyarəti də, Kəlbəcərin Zod yatağındakı əsir soydaşlarımızla görüşməsi də bir xəyaldır... Amma o torpaqların, o uca dağların, o soydaşlarımızın da erməni işğalçı və terrorçularının əsiri olduğu gerçəklikdir, faktdır...


***
Hansısa seçkidə səs vermək adı gələndə öncə qulağıma Xocalıda zorlanan qız-gəlinlərimizin çığırtısı, bəlkə də bu gün də Ermənistanda, Qarabağda işgəncələrə məruz qalaraq kölə kimi istismar edilən əsir-girovlarımızın naləsi, Şuşa türməsində böyrəkləri, ciyərləri çürüyən Dilqəmlə Şahbazın iniltisi gəlir...xa0

***
Torpaq həsrəti ilə yaşayan didərginin seçki öncəsi ən böyük arzularından biri Şuşanın, yaxud Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının və s. uçuq bir məktəbində keçiriləcəkxa0 xa0gələcək Prezident seçkilərindəxa0 o torpaqları işğalçılardan azad etmiş Ali Baş Komandana növbəti dəfə səs verməkdir...

***
Eybi yox, qoy dədə-babamın yanmış divarları qalmış evinin bir küncündə, babamın XIX əsrdə heyvan saxladığı o zağada, o kahada xəzəl, mamır, cəngəl topasının üstündə gecələyim, səhər-səhər daşların arasından tapdığım hisli bir qazanda qaynamış su ilə quru çörək yeyim, maşınla yox, piyada 10 km yol gedib yarımuçuq inzibati binadakı seçki məntəqəsinə daxil olaraq adımı ordakı siyahıda tapıb, bülletenimi götürüb səsvermə kabinəsinə daxil olum, təki ölkəmin –Azərbaycanın əsl vətəndaşı kimi öz torpağımda, öz yurdumda səs verim...xa0 O arzulara çata biləcəyikmi görəsən?..

***
O arzulara çatmaq, o cənnət-məkan yurdlarımızı, Dilqəmlə Şahbazı, o minlərlə əsir-girovumuzu yağıların caynağından, tapdağından azad etmək üçün Prezident, deputat seçməklə, seçilməklə bərabər özümüzü öz nəfsimizdən, tamahımızdan, kreslo hərisliymizdən azad edib həm də doğru yolu, Allah yolunu seçməliyik...xa0

Hər kəsə öncə bu seçkilərdə uğurlar diləyirik...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO