“Möhtərəm hakim, mən narkomanam, narkobaron yox...”

“Möhtərəm hakim, mən narkomanam, narkobaron yox...”

Hazırda oxunan: “Möhtərəm hakim, mən narkomanam, narkobaron yox...”

57493
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Şalon oğlu Qasımovun məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, əvvəllər məhkumluq həyatı yaşayan Bəxtiyar Qasımov bu il aprel ayının 14-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilərkən üzərindən narkotik maddə olan tiryək aşkar edilib.

Bundan sonra B.Qasımovun yaşadığı mənzilə baxış keçirilərkən oradan külli miqdarda marixuana (3650 qram), həşiş qətranı (406,98 qram) və tiryək (1005,4 qram) aşkar edilərək götürülüb.

Törətdiyi cinayət əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən B.Qasımov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində uzun illərdir ki, vərəm xəstəliyindən əziyyət çəkdiyini, tez-tez ağrıları olduğundan narkotik vasitələrdən istifadə etdiyini göstərib: “Sumqayıtdakı “Kimyaçılar” sarayının yaxınlığında gəzirdim. 4-5 nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Onlar özlərini polis əməkdaşı kimi təqdim edərək məni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdilər. Orada xidməti otaqların birində üzərimə baxış keçirildi, şübhəli heç nə aşkar edə bilmədilər. Sonradan yaşadığım ünvanda keçirilən baxış zamanı oradan guya sellofana bükülmüş həşiş qətranı, tiryək bişirmək üçün qazanlar, damara iynə vurmaq üçün rezin jqut, narkotik vasitələrin hazırlanmasında istifadə olunan “tropin” maddəsinin boş qutuları, vanna otağından tiryək və marixuana aşkar ediblər.

Mənim üzərimdən heç bir şübhəli maddə aşkar olunmayıb, evimdə isə axtarış aparılmayıb. Mən yalnız narkotik vasitələrin qəbulu ilə məşğul olmuşam, narkomanam, amma narkobaron deyiləm, narkotik alıb-satmamışam”.

Şahid qismində məhkəmədə dindirilən Sumqayıt Şəhər Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Vüsal Tahirov ifadəsində Bəxtiyar Qasımovun narkotik vasitələrin qəbulu, saxlaması və satışı ilə məşğul olması barədə məlumat aldıqlarını göstərib: “Bundan sonra əməliyyat-axtartış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Polis əməkdaşları Fərid Axundov və Məhəmməd Mustafayevlə birlikdə “Kimyaçılar” sarayının yanına getdik. Xarici görünüşündən Bəxtiyar Qasımova oxşayan bir nəfərə yaxınlaşaraq özümüzü təqdim etdik.

Bəxtiyar polis idarəsinə gətirilərkən onun əynindəki gödəkcənin cibindən qara rəngli maddə aşkar olunuraq götürüldü. O, sorğu zamanı maddənin tiryək olduğunu, bunu mart ayının sonunda Yardımlı rayonunda Əkbər adlı İran vətəndaşından aldığını, ağrıları olduğu üçün istifadə etdiyini dedi. Narkotikin bir hissəsini isə yaşadığı mənzildə saxladığını bildirdi.

Bundan sonra protokol tərtib olundu. Bəxtiyarın yaşadığı mənzilə baxış onun özünün və hal şahidlərinin iştirakı ilə keçirilib. Mənzilin qapısını da Bəxtiyar özü açıb. Yataq otağındakı çarpayının altından aşkarlanan həşiş qətranını İran vətəndaşından aldığını göstərdi. Bundan sonra tiryək bişirmək üçün istifadə etdiyi qazanlar da çarpayının altından tapıldı. Eyvandan isə “tropil” maddəsinin boş qutuları aşkarlandı. Bəxtiyar həmin narkotik maddələri  maddi vəziyyətini yaxşılaşdırmaq üçün Əkbər adlı İran vətəndaşından 6000 manata aldığını özü etiraf etdi”.

Məhkəmənin hökmü ilə Bəxtiyar Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO