DİN-nin mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.
Belə
ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən
keçirilən tədbirlər nəticəsində 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi
kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini ode.az, hesab.az,
apus.com, e-pul.az, gpen.com və sair ödəniş saytları vasitəsilə qanunsuz
çıxaran Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub.
Saxlanılan
şəxs törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları
sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank
əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat
bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.
Daha
sonra İ.Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn
ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək
nağdlaşdırıb.
İ.Məmmədzadənin
istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün
əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.
Qeyd
edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

































































































