“ƏDV ləğv olunsa, effekti 2-3 ay çəkəcək” – Ekspertdən ALTERNATİV TƏKLİF

“ƏDV ləğv olunsa, effekti 2-3 ay çəkəcək” – Ekspertdən ALTERNATİV TƏKLİF

Hazırda oxunan: “ƏDV ləğv olunsa, effekti 2-3 ay çəkəcək” – Ekspertdən ALTERNATİV TƏKLİF

97390

Son günlərdə ərzaq məhsulları və dərmanlar üçün ƏDV-nin azaldılması və ya ləğvi məsələsi geniş müzakirə olunur. Belə ki, ilk olaraq REAL partiyası tərəfindən irəli sürülən təklifə, sonradan bir sıra millət vəkillərindən də müsbət rəylər gəlib.

Milli Məclisin son sessiya iclasında da deputat Fəzail Ağamalı bu mövzuya diqqət çəkərək, pərakəndə satış zamanı ƏDV faizlərinin azaldılmasının vacib olduğunu qeyd edib. Eyni zamanda bir sıra millət vəkilləri də KİV-ə açıqlamalarında bu mövzuda oxşar fikirlər səsləndiriblər.
Lakin məsələyə əks mövqe sərgiləyənlər də yox deyil. Bu istiqamətdə çıxış edənlərin əsas istinad nöqtəsi isə ƏDV dərəcələrinin azalmasının dövlət büdcə gəlirlərinə mənfi təsir edə biləcəyi yönündədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov da ərzaq məhsulları üçün ƏDV-nin ləğvi məsələsinin birmənalı olmadığı qənaətindədir:

“Mövzunu daha dərindən analiz etməyə ehtiyac var. Nə ƏDV-nin tam ləğvinin, nə də bunun dövlət büdcə gəlirlərinə daxilolamaları azaldacağı fikrinə qatılıram. Əslində tam başqa bir modelin tətbiqini doğru hesab edirəm:

A vətəndaşın aylıq ərzaq xərcləri 1000, B vətəndaşın isə 200 manatdır. A varlı, B isə kasıbdır. Nəticədə ərzaq məhsulları üçün ƏDV-nin ləğvinin zəngin insanlar üçün faydası daha böyük olacaq, nəinki kasıblar üçün. Yəni, A 180 manat daha az xərcləyəcəyi halda, B üçün bu məbləğ 36 manat olacaq. Bu variantda dövlət büdcəsinin zərəri də daha ciddi olacaq.

Ona görə də, daha yaxşı olardı ki, ƏDV-nin ləğvi yerinə, bu istiqamətdə gələn vəsait hesabına sosial cəhətdən həssas, minimum əmək haqqı alan və real dəstəyə daha çox ehtiyacı olan şəxslərə yönələn yardım mexanizmi hazırlansın.

Yəni, kütləvi şəkildə deyil, yalnız ehtiyacı olan insanlara bu tətbiq edilsin.

Məsələnin başqa məqamlarına da diqqət yetirməyimiz vacibdir. Əgər kütləvi olaraq, məsələn, 11,5 manata satılan yağ ƏDV-dən azad edilib, 10 manata təklif olunarsa, o, maksimum 2-3 ay bu qiymətlə satılacaq. Daha sonra yenidən psixoloji hədd olaraq əvvəlki qiymətə təklif olunacaq.

Bir sözlə, real dəstəyə ehtiyacı olan şəxslər üçün ƏDV-dən gələn vəsaitlər hesabına yardımların ayrılması daha məqsədəuyğundur.
Əgər biz, ƏDV-dən gələn vəsaitin 50%-ni sosial həssas əhaliyə yönəltsək, daha çox effektiv olar, insanlar daha çox fayda görər. Kütləvi tətbiq isə yalnız 2-3 ay effekt verə bilər”.


Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO