Mərkəzi Bankdan kredit portfeli ilə bağlı AÇIQLAMA 

Mərkəzi Bankdan kredit portfeli ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Mərkəzi Bankdan kredit portfeli ilə bağlı AÇIQLAMA 

89267

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kredit portfelinin sekyuritizasiyası mexanizminin yaradılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib. 

“Layihə hüquqi ekspertizaya təqdim olunub və hazırda Mərkəzi Bankda daxili müzakirəsi aparılır”, - AMB-dən bildirilib. 

Açıqlamaya görə, ölkə Prezidenti tərəfindən 22 iyul 2022-ci il tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1.2.2-ci tədbirinin (Maliyyəyə çıxışın artırılması) 6-cı alt tədbiri (Korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi) çərçivəsində 2023-cü ilədək sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması əsas nəticə indikatoru kimi müəyyən edilib. 

Qeyd edək ki, kredit portfelinin sekyuritizasiyası girov kimi istifadə oluna bilən korporativ qiymətli kağızların həcminin artırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulur. 
“Girov bazasının genişlənməsi, o cümlədən dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın notlarının həcminin artması banklararası bazarda əməliyyatların aktivləşdirilməsinə dəstək verən amillərdəndir. 2022-ci ilin I yarımilliyinin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcminin 13 %, Mərkəzi Bank notlarının 44 % artması banklar arasında bağlanan repo əməliyyatlarının həcminin 4 dəfədən çox artmasında töhfəsini verib”, - açıqlamada deyilir. 

Məlumata görə, pul bazarının inkişafı və risksiz qiymətli kağızların həcminin tənzimlənməsi məsələləri ilə bağlı AMB Maliyyə Nazirliyi ilə daim müzakirələr aparır və əlaqəli məsələlərin koordinasiyasını diqqətdə saxlayır. 

Banklararası pul bazarının yenidən formalaşdırılması istiqamətində görülən işlərə toxunaraq AMB-dən bildirilib ki, banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat çərçivəsi və platformasının təkmilləşdirilməsi istinad faizi indekslərinin hesablanması metodologiyasının hazırlanması və digər tədbirlər nəzərdə tutulur:

“Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması da banklararası bazarda aktivliyin artırılması baxımından əhəmiyyətlidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO