“Qarşıdakı illərdə Azərbaycanı heç bir ərzaq böhranı gözləmir” – Ölkə Prezidentini əmin edən SƏBƏBLƏR 

“Qarşıdakı illərdə Azərbaycanı heç bir ərzaq böhranı gözləmir” – Ölkə Prezidentini əmin edən SƏBƏBLƏR 

Hazırda oxunan: “Qarşıdakı illərdə Azərbaycanı heç bir ərzaq böhranı gözləmir” – Ölkə Prezidentini əmin edən SƏBƏBLƏR 

88383

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllının Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin iqtisadi qüdrəti və qarşıdakı illərdə gözlənilən böhrandan sığortalanması ilə bağlı bir sıra vacib məqamlara toxunub. 

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik.

Artıq onlar öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Dövlət başçısı bildirib ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq”


"Yenə də deyirəm, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

Prezident Azərbaycanın taxıl, buğda ilə təminatında da heç bir problemin olmadığını deyib: 

"Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident İlham Əliyev bildirib ki, bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq:

“Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digərtədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”.

Prezidentin çıxışını Bizim.Media-ya açıqlamasında dəyərləndirən Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanın ciddi iqtisadi böhrandan tam sığortalandığını bildirdi: 

“Hazırda dünya qlobal iqtisadi böhran vəziyyətindədir. Ciddi qiymət artımları var. Bütün dünya ciddi problemlərlə üz-üzədir. Amma buna baxmayaraq, Azərbaycanın apardığı düzgün siyasət və topladığı ehtiyatlar imkan verir ki, bu müstəvidə ölkəmizdə ciddi problemlər olmasın. İqtisadi cəhətdən Azərbaycanda ciddi problemlərin olacağını gözləmirəm.
 

Bu da ölkəmizin problemə hazır olması ilə bağlıdır. Düzdür, müəyyən qiymət artımı baş verə bilər. Bu da aydın məsələdir ki, idxalla bağlıdır. Azərbaycan xaricdən, xüsusən Rusiya və Türkiyədən kifayət qədər məhsul idxal edir. Həmin ölkələrdə isə ciddi inflyasiya mövcuddur.


Yəni qiymət artımı istisna edilmir. Amma buna rəğmən əmək haqqı, pensiyalar da artacaq. İndi dünyada ərzaq buğdası ilə bağlı da problem yaşanır. Lakin Türkiyənin Ukrayna taxılı ilə bağlı apardığı danışıqlar problemin həllinə müəyyən qədər təsir edəcək. Azərbaycan Rusiya, Qazaxıstan və Ukraynadan taxıl idxal edir. Qiymətlərdə müəyyən problemlər ola bilər. Amma qıtlıq qətiyyən olmayacaq. Həmçinin, ölkəmizdə ciddi iqtisadi böhran da gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO