Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitə iclasında “2022-ci il üçün dövlət büdcəsi haqqında” qanuna dəyişiklilərin edilməsi ilə bağlı layihənin müzakirəsi zamanı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin 1192,5 milyard manat azaldılacağını açıqlayıb.
Neft qiymətlərinin və dolayısıyla neft sektorundan gələn gəlirlərin artıdığını, eləcə də dövlət büdcəsində neft qiymətlərinin proqnoz göstəricilərinin artırılmasının nəzərdə tutlduğunu nəzərə aldıqda isə bu qərar müəyyən suallar yaradıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan bu neft yatağından 3 milyard dollardan çox PUL QAZANDI
ARDNF-dən dövlət büdcəsinə transfertlərin azaldılması qərarını Bizim.Media üçün şərh edən iqtisadçı-ekspert İlham Şaban Hesablama Palatasının cari il üçün büdcə rəyinə diqqət çəkib:
“Orada göstərilib ki, 2022-ci ilin yanvar-aprel aylarında hasilatın pay bölgüsü çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən büdcəyə ödənilən vergi proqnoz göstəricilərini 4,9 dəfə üstələyib.
Və bu vergiyə ARDNF-in ödəmələri daxil deyil. Sadəcə olaraq neft şirkətləri tərəfindən büdcəyə daha çox vəsait köçürüldüyü üçün, ARDNF-in əvvəlki qaydada transfertlərinə ehtiyac qalmayıb”.
Ekspertin sözlərinə görə, sözügedən addımın atılması Neft Fondunun büdcəsində əlavə vəsait qalacaq:
“Nəticə olaraq Azərbaycanın valyuta ehtiyatları artacaq. Çünki 1 milyard 192 milyon manat 700 milyon dollar deməkdir”.
İlham Şaban büdcədə neft qiymətlərinin 85 dollardan hesablanması təklifinə də münasibət bildirib:
“İlin birinci yarısında neftin orta qiyməti 100 dolları aşırsa, ilin ikinci yarısında neft qiymətləri 60 dollara qədər düşməlidir ki, həmin orta göstərici əldə olunsun. Ona görə də, düşünürəm ki, neftin büdcədə proqnoz qiymətinin bir barrel üçün 85 dollar olması təklifi irəli sürülərkən risk dərəcələri kifayət qədər nəzərə alınıb”.
Murad Əhmədov, Bizim.Media