Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycana nə verəcək? – ŞƏRH 

Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycana nə verəcək? – ŞƏRH 

Hazırda oxunan: Ümumdünya Ticarət Təşkilatına üzvlük Azərbaycana nə verəcək? – ŞƏRH 

74999

Mayın 17-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı mühüm açıqlamalar verib.

Belə ki, nazir bu il Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı müzakirələrin baş tutacağını elan edib. Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsi dəfələrlə gündəmə gətirilib.

Bəs, Ümumdünya Ticarət Təşkilatı, ümumiyyətlə, nədir?

1995-ci ildə yaradılan ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.

Təşkilata üzv ölkələrdə beynəlxalq ticarətdə güzəştli vergi, gömrük və tariflər tətbiq olunur.  Ümumdünya Ticarət Təşkilatına 164 ölkə üzvdür. Dünya üzrə ümumdaxili məhsulunun 98%-i məhz ÜTT ölkələrinin payına düşür.

Azərbaycanın ÜTT-yə üzvlüyünə mane olan səbəblər

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, ÜTT Azərbaycanın üzvlüyündə maraqlıdır:

“1998-ci ildən bəri danışıqlar aparılır. Lakin danışıqların nəticəsiz olmasının əsas səbəbi Azərbaycan tərəfinin iradları və təklifləri, eləcə də üzvlüyə o qədər də can atmaması ilə bağlıdır. Təşkilata üzvlük daxildə gömrük və vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğun dəyişməsinə səbəb olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda investisiyalara MARAQLIDIR


Ekspertin sözlərinə görə, Azərbaycanın ÜTT-yə daxil olmamasına əsas kimi göstərilən arqument isə ondan ibarət idi ki, təşkilata üzvlük əsasən kənd təsərrüfatına verilən subsidiyaların azalmasına səbəb olacaq:

“Lakin bu belə deyil. ÜTT-yə üzvlük subsidiyalar üçün hər hansı qadağalara səbəb olmur. Əksinə, xüsusi proqramlar çərçivəsində xarici donorlara çıxış imkanı yaranır. Ona görə də, Azərbaycanda ÜTT-yə üzvlüklə bağlı konsepsiyaya yenidən baxılmasına ehtiyac var. Çünki ÜTT-yə üzvlük həm də xarici investorların ölkəmizə marağını artıran amilə çevrilə bilər. Eləcə də, Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli strateji sazişlə bağlı danışıqlar gedir. Danışıqlarda irəliləyişə mane olan əsas səbəblərdən biri Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsinin şərt kimi irəli sürülməsidir”.

Natiq Cəfərlinin fikrincə, son dönəmlər ÜTT ilə danışıqların intensivliyinin artırılması və dünənki açıqlamalar Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması ilə bağlıdır. 

ÜTT-yə üzvlük Azərbaycana nə verəcək?

Ekspert ÜTT-yə üzvlüyün Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına da töhfə verəcəyini bildirib:

“Çünki təşkilata üzvlük Azərbaycanın beynəlxalq bazarlara asanlıqla çıxışına səbəb olacaq. Üzvlük digər təşkilatların institusional dəstəyini qazanmağa, onların proqramlarında iştirak etməyə, kiçik və orta sahibkarlığı inkişafına imkan verir. Azərbaycanda qeyri-neft ixracatının böyük hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir. Bu sahədə ixracat isə sovet dönəmindən qalan formada həyata keçirilir. Ona görə də bizim Rusiya bazarından ciddi asılılığımız var. ÜTT-yə üzvlük isə yeni keyfiyyət standartlarının tətbiqinə, iri bazarlara çıxışa imkan verəcək”.

Natiq Cəfərli Ümumdünya Ticarət Təşkilatına üzvlüyün Azərbaycanın daxili bazarında rəqabətliliyi artıracağını da sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO