Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tender elanı yayımlanandan sonra yaranan şirkəti qalib elan etməsi sosial şəbəklələrdə geniş müzakirə mövzusuna çevrilib.
Belə ki, Ağstafa MKTB ümumilikdə 47 min manat dəyərində olan son 3 satınalma müqaviləsini həmin şirkətlə bağlayıb.
Etender.gov.az saytında dərc olunan məlumata görə, tenderlərin qalibi “Palma-Z” MMC (VÖEN – 3601462631) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 21 min 640 manat dəyərində nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələri, 13 min 190 manat dəyərində elektrik mal-materialı, 12 min 958.5 manat dəyərində isə işçi ləvazimatları və mal materialın alınmasını təşkil edəcək.
Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə kotirovka sorğusunu MMC-nin dövlət qeydiyyatına alındığı gündən bir gün əvvəl – 04.04.2022-ci il tarixində elan edib.
Məsələ ilə bağlı məlumat əldə etmək üçün Ağstafa Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, məsələnin Memarlıq və Tikinti şöbəsinə aid olduğu və qeyri-iş günü olması səbəbindən şöbə rəsmilərinin suallarımızı cavablandırmasının mümkün olmadığı bildirilib.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, qanunvericiliyə görə, ümumiyyətlə, həmin şirkət tenderi uda bilməz:
“Çünki “Dövlət satınalmaları haqqında” qanunda aydın şəkildə qeyd olunub ki, tenderdə iştirak edən və qalib olan şirkətlərin həmin sahədə bəlli təcrübəsi olmalıdır. Əvvəllər qanunda 3 il təcrübənin olması qeydi var idi, lakin bir neçə il öncə o cümlə yığışdırıldı. Təcrübənin olması isə yenə də qanunda var. Yeni, hətta tenderdən sonra yaranmış şirkətin hansı təcrübəsi ola bilər?”
Natiq Cəfərlinin sözlərinə görə, bu sahədə qanunvericiliyin aşkar şəkildə pozulması görünürsə, təbii ki, tenderlərlə bağlı şəffaflığın artırılmasına ehtiyac var:
“İndiki elektron və onlayn formada bir sıra məsələrin həlli varsa, tenderlər niyə onlayn qaydada şəffaf keçirilməsin? Bir çox ölkələrdə tenderlər televiziya vasitəsilə canlı yayımlanır.
Azərbaycana bu təcrübəni gətirmək lazımdır. Tenderlər şəffaf keçirilməli, rəqabətli olmalı və bu məsələ ilə bağlı illərdir yaranan problemlər aradan qaldırılmalıdır. Həm də ona görə ki, tenderdə xərclənən pullar vergilər hesabına formalaşan dövlət büdcəsinin vəsaitidir”.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Məlumat üçün bildirək ki, tenderi keçirən Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı isə 2020-ci ilin iyununda vəzifəyə təyin olunan Seymur Vaqif oğlu Orucovdur.
Xatırladaq ki, Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev 2019-cu ilin sonunda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb. Bu ilin fevralında isə, sabiq icra başçısının 600 min manatlıq əmlakına məhkəmə qərarı ilə həbs qoyulub.
Mövzunu diqqətdə saxlayacağıq.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:27 / 10.05.2022
Tender elanından sonra yaradılan şirkətin şübhəli qələbəsi – Ağstafa İcra Hakimiyyətindən QANUN POZUNTUSU
Hazırda oxunan: Tender elanından sonra yaradılan şirkətin şübhəli qələbəsi – Ağstafa İcra Hakimiyyətindən QANUN POZUNTUSU
Hazırda oxunan: Tender elanından sonra yaradılan şirkətin şübhəli qələbəsi – Ağstafa İcra Hakimiyyətindən QANUN POZUNTUSU
73550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.