ABŞ-la İran arasında əldə edilən atəşkəs razılaşması fonunda neftin qiyməti kəskin aşağı düşüb. Londonun ICE birjasında Brent markalı neftin qiyməti 17%-dən çox ucuzlaşaraq bir barel üçün 90 dollar səviyyəsinə enib. Bu, 1991-ci il Körfəz müharibəsindən bəri neft bazarında müşahidə olunan ən böyük bir günlük sərbəst eniş kimi qiymətləndirilir.
Görəsən, neft belədə hansı həddə qədər ucuzlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban qiymətin 80 dollaradək düşəcəyini proqnozlaşdırır:
“Atəşkəsin elan olunması ilə neftin qiymətlərində dərhal ucuzlaşma baş verdi. Bu gün səhər qiymət 91,78 dollara qədər ucuzlaşdı. İndi isə 95 dollar ətrafında ticarət edir. Yəni qiymət ucuzlaşma istiqamətində dəyişir. Belədə hansı həddə qədər ucuzlaşacağı barədə indidən dəqiq nəsə demək olmaz.
Bir saat sonra bəlkə yenidən hərbi əməliyyatlar davam etdi. Onda qiymətlər yenidən qalxaraq, 120-150 dollara belə çatar. Amma müharibə aparan tərəflər razılığa gəlsələr, qiymət 80 dollar qədər də düşə bilər. Bir sözlə, neftlə bağlı “hər dəqiqənin öz hökmü var”.
Rüfət Sultan, Bizim.Media





























































































