Kirayə bazarında kəskin qiymət artımı adətən avqust-sentyabr aylarında müşahidə olunur. Bu, paytaxta tələbələrin axın etməsi ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Musavat.com-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov kirayə mənzil bazarındakı cari vəziyyəti şərh edərkən bildirib:
“Paytaxtın müəyyən ərazilərində layihələndirmə işləri əlaqədar kirayə mənzil qiymətlərinin artması normaldır. Məsələn, Üzeyir Hacıbəyli küçəsində bir neçə kvartal sökülüb. Nəticədə təxminən 200-300 vətəndaş müvəqqəti kirayə mənzilə köçürülüb. Bu o deməkdir ki, birdən-birə bazara 300 müştəri çıxır. Bu da dərhal bazarda öz əksini tapır. Şəhərdə bir neçə belə layihə olduğu üçün, ən çox pilot layihə olan ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur. Yəni, təklif sıfıra enir, tələbat isə olduqca yüksəlir”.
Qeyd edək ki, bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib. Artım əsasən mərkəzi rayonlarda daha qabarıq müşahidə olunub.
Mart ayında kirayə bazarında artım tempi yenidən bir qədər yüksəlib.
Səbail rayonunda yeni tikililərdə artım +1,2 %, köhnə tikililərdə +1 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1,1 % və +0,9 % olub. Yasamal rayonunda yeni tikililərdə +1 %, köhnə tikililərdə +0,85 %, Nərimanov rayonunda isə +1 % və +0,8 % artım qeydə alınıb.
Mart ayında orta kirayə qiymətləri də yüksələrək Səbaildə yeni tikililərdə təxminən 1 420 manat, Nəsimidə 1 015 manat, Nərimanovda 815 manat, Yasamalda isə 710 manat səviyyəsinə çatıb.
Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,9 %, köhnə tikililərdə +0,8 %, Nizami rayonunda isə müvafiq olaraq +0,9 % və +0,8 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,8 %, köhnə tikililərdə isə +0,7 % artım müşahidə olunub.
Digər rayonlarda da müsbət dinamika davam edib. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,7 %, Suraxanı rayonunda +0,6 %, Qaradağ rayonunda isə +0,5 % artım qeydə alınıb.
Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,5 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,4 % artım olub.
Mart ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,81 %, köhnə tikililərdə isə 0,72 % təşkil edib.
Yanvar-mart aylarının nəticələrinə əsasən aparılan hesablamalara görə, bəzi rayonlarda kirayə qiymətlərinin orta artım tempi daha yüksəkdir. Məsələn, Nərimanov rayonunda yeni tikili mənzillər üzrə orta artım 1,03 %, köhnə tikililər üzrə isə 0,83 % təşkil edir.
Ümumilikdə kirayə bazarında artımın xüsusilə Səbail, Nəsimi, Yasamal və Nərimanov kimi mərkəzi və işgüzar rayonlarda daha yüksək olduğu müşahidə olunur. Bu isə əsasən həmin ərazilərdə nəqliyyat əlçatanlığının və yaşayışa olan tələbatın daha yüksək olması ilə izah edilir.
Bizim.Media








































































































