“Bitcoin”in qiyməti bu gün qısa müddətə 74 min dolları ötüb. Hazırda BTC təxminən 73 181 dollar səviyyəsində ticarət olunur, gün ərzində maksimum qiymət isə 74 220 dollar olub.
Bizim.Media xəbər verir ki, bazarda digər əsas kriptovalyutalarda da artım müşahidə olunur.
Ethereum hazırda təxminən 2 248 dollar səviyyəsindədir, gün ərzində maksimum qiyməti isə 2 283 dollar olub.
CoinDesk-in əvvəlki bazar icmallarında qeyd olunurdu ki, Bitkoin son günlərdə Yaxın Şərqdəki gərginlik, neft bazarındakı dəyişikliklər və makroiqtisadi gözləntilər fonunda 71–74 min dollar diapazonunda hərəkət edib. Xüsusilə martın 13-də BTC-nin qısa müddətə 74 min dollara yaxınlaşdığı, daha sonra yenidən geri çəkildiyi bildirilmişdi.
Bazar iştirakçıları indi əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin 17–18 mart 2026-cı il tarixli iclasına yönəldiblər. FED-in rəsmi təqviminə görə, növbəti FOMC iclası məhz bu tarixlərdə keçiriləcək və qərarlar kriptovalyuta bazarının qısamüddətli dinamikasına ciddi təsir göstərə bilər.
Son günlər bazardakı yüksəlişə təsir edən amillər arasında investor risk iştahının bərpası, institusional marağın davam etməsi və Yaxın Şərqlə bağlı xəbərlərin yaratdığı gərginlik də göstərilir. Bununla belə, qiymət hələ də çox həssasdır və 74 min dollar zonası yaxın müddətdə mühüm müqavimət səviyyəsi olaraq qalır.
Bizim.Media































































































