Müasir dünyada enerji təhlükəsizliyi qlobal siyasətin və iqtisadi inkişafın əsas faktorlarından birinə çevrilmişdir. Enerji resurslarının ədalətli və dayanıqlı paylaşılması, həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələrin maraqlarının balanslaşdırılması beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Azərbaycan Respublikasının həyata keçirdiyi enerji siyasəti regionun və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası da məhz bu əməkdaşlıq modelinin mühüm platforması kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdəki çıxışında enerji təhlükəsizliyinin təmin olunması, qaz təchizatının genişləndirilməsi və alternativ enerji sahəsində həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, enerji təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq və müzakirələr olduqca vacibdir. Dövlət başçısının sözlərinə görə, artıq on ildən çoxdur ki, bu təşəbbüs uğurla davam edir və bu müddət ərzində tərəfdaş ölkələr enerji təhlükəsizliyi sahəsində mühüm nəticələr əldə ediblər. Son on iki ildə dünya müxtəlif sınaqlarla üzləşib.
Enerji bazarında qeyri-sabitlik, geosiyasi gərginliklər və müxtəlif iqtisadi çətinliklər qlobal enerji sisteminə ciddi təsir göstərib.
Buna baxmayaraq, Azərbaycan və tərəfdaş ölkələr birgə əməkdaşlıq sayəsində bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə nail olublar. Bu gün artıq Cənub Qaz Dəhlizi beynəlxalq enerji əməkdaşlığının ən uğurlu layihələrindən biri kimi qəbul edilir. Layihə yalnız enerji resurslarının nəqli deyil, həm də dövlətlər arasında siyasi və iqtisadi tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qaz ixracı sahəsində əldə etdiyi uğurlara xüsusi diqqət çəkib. Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan 12 ölkəyə qaz tədarük edir və Azərbaycan qazının istehlakçı ölkələrinin sayı artıq 16-ya çatıb. Bu göstərici Azərbaycanın boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada birinci yerdə olduğunu göstərir.
Bu fakt ölkəmizin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Son illərdə qaz təchizatının coğrafiyası daha da genişlənib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq Avropanın iki yeni ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlayıb. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını alır. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə daha da artdığını göstərir.
Azərbaycan qazının ixracı artıq Avropa hüdudlarından kənara da çıxmağa başlayıb. Dövlət başçısının qeyd etdiyi kimi, ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanılıb. Bu layihə Suriyada mövcud olan ciddi elektrik enerjisi qıtlığının aradan qaldırılmasına kömək etmək məqsədi daşıyır. Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükü ölkədə əhalinin həyat şəraitinin yaxşılaşmasına, iqtisadi fəaliyyətin canlanmasına və müəssisələrin normal fəaliyyətinə mühüm töhfə verir.
Prezident İlham Əliyev vurğulayıb ki, elektrik enerjisi olmadan heç bir inkişaf mümkün deyil.
Bu baxımdan Azərbaycanın həyata keçirdiyi enerji layihələri təkcə iqtisadi deyil, həm də humanitar əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyinin əsas prinsiplərindən biri də təchizatın şaxələndirilməsidir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, qaz təchizatının şaxələndirilməsi həm istehlakçı ölkələr, həm də istehsalçı ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan bu sahədə həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələr arasında əməkdaşlığı gücləndirməyə çalışır. Məhz qarşılıqlı fayda və ortaq maraqlar prinsipi Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır. Prezident İlham Əliyev çıxışında bir sıra yeni layihələr barədə məlumat verib.
Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir.
Bundan əlavə, yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi nəzərdə tutulur ki, bu da qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilata başlanması planlaşdırılır. Bundan başqa, “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın 2028-ci ildə başlanacağı gözlənilir. Bütün bu layihələr maksimum istehsal səviyyəsində əlavə olaraq 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək.
Qaz hasilatının artırılması ilə yanaşı, nəqliyyat infrastrukturu da genişləndirilməlidir. Prezident İlham Əliyev qeyd edib ki, hazırda Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Bu səbəbdən artan tələbatı qarşılamaq üçün yeni interkonnektorların yaradılması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi üzərində iş aparılır. Azərbaycanın məqsədi qaz ixracını maksimum səviyyəyə çatdırmaq və enerji bazarında daha geniş iştirak təmin etməkdir.
Məşvərət Şurasının iclasında müzakirə olunan əsas məsələlərdən biri də yaşıl enerji sahəsində əməkdaşlıqdır.
Azərbaycan bu sahədə də mühüm layihələr həyata keçirir. Cari ilin yanvar ayında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” şirkəti tərəfindən həyata keçirilib. Bundan əlavə, 2023-cü ildə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Hazırda alternativ enerji sahəsində bir sıra yeni layihələr icra mərhələsindədir.
Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməyi planlaşdırır. Bu layihələr yalnız daxili enerji tələbatının ödənilməsi üçün deyil, həm də ixrac məqsədi daşıyır. Bu strategiya sayəsində elektrik enerjisi istehsalında istifadə olunan təbii qazın bir hissəsi ixraca yönəldiləcək.
Prezident İlham Əliyev çıxışında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini də qeyd edib.
Bu sənəd enerji, süni intellekt, kommunikasiya və digər sahələrdə geniş əməkdaşlığı nəzərdə tutur. Dövlət başçısının sözlərinə görə, dünyanın ən qüdrətli dövlətlərindən biri olan ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji layihələrinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də mühüm tranzit ölkədir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Qazaxıstan və Türkmənistan üçün neft tranzitini təmin edir və bu həcmlər ildən-ilə artır. Eyni zamanda ölkəmiz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək üçün lazımi infrastruktura malikdir.
Azərbaycan beynəlxalq enerji bazarında mövqelərini daha da gücləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyası əldə edib. Bundan başqa, Serbiya ilə 500 meqavat gücündə elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yalnız Cənub Qaz Dəhlizi ilə məhdudlaşmadığını göstərir.
Beləliklə, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası həm regional, həm də qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Cənub Qaz Dəhlizi layihəsi və alternativ enerji proqramları ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələrinin balanslı inkişafı enerji təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindən biridir. Azərbaycan isə bu istiqamətdə həm etibarlı tərəfdaş, həm də innovativ enerji siyasəti həyata keçirən ölkə kimi öz mövqeyini daha da möhkəmləndirir.
Şahin Seyidzadə, Milli Məclisin deputatı

- A-
- A
- A+
İqtisadiyyat
19:13 / 07.03.2026
Cənub Qaz Dəhlizi və yaşıl enerji strategiyası
Hazırda oxunan: Cənub Qaz Dəhlizi və yaşıl enerji strategiyası
Hazırda oxunan: Cənub Qaz Dəhlizi və yaşıl enerji strategiyası
600657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































