2025-ci ildə ölkədə fəaliyyət göstərən hotel və mehmanxana tipli obyektlərin ümumi gəliri 653 milyon 44 min manat təşkil edib.
Əldə olunan gəlirin əsas hissəsi - 403 milyon 797 min manatı xidmətlərin satışından formalaşıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə hotel və mehmanxana tipli obyektlərin gəliri 694 milyon 162,2 min manat olub. Beləliklə, illik müqayisədə gəlirlər 41 milyon 118 min manat və ya 5,92% azalıb.

Bəs, turizm sektorundakı bu geriləmənin səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, 2025-ci ildə ümumilkdə turizm sektoru 2,5 faiz kiçilib:
“Bilirsiniz ki, bizə turistlər əsasən Yaxın Şərk ölkələrindən, eləcə də Hindistan və Pakistandan gəlir. Ötən il bu regionlarda vəziyyət xeyli gərgin olub. Baş verən silahlı qarşıdurmalar turizm sektoruna da zərbə vurdu. Çünki hava məkanları bağlı idi. Bu səbəbdən təyyarələrin uçuşlarında problemlər yaşandı. Nəticədə hotellərimizdə qonaqların sayı bir qədər azaldı.
Bu da nəticə etibarı ilə gəlirlərə təsir etdi. Nəzərə alaq ki, hərbi münaqişələr yay aylarına təsadüf etdi. Hansı ki, yay ayları turizm üçün əsas mövsümdür. Ona görə də ötən yay Azərbaycanın turizm sektoru üçün uğurlu il olmadı”.
Surxay Atakişiyev, Bizim.Media



























































































