“Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş və təhlükəsizlik yüksək səviyyədədir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün komitədə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat bildirib ki, qiymət, xidmət, loqistik və tanıtım problemləri həll olmadan güclü turizm ölkəsinə çevrilmək çətindir.
Musa Quliyev əlavə edib ki, Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər:
“Turizm təxminən 50-dən çox sahəni birləşdirir. Ona görə də turizm inkişaf etdikcə məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir, dövlət gəlirləri yüksəlir”-deyə komitə sədri qeyd edib.
Günay Şahmar, Bizim.Media

























































































