İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2025-ci il üzrə) əks olunub.
Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Qeyd olunub ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17053 inzibati akt olub. İl ərzində onlardan 11360-nın, başqa sözlə 66,6%-nin icraatı tamamlanıb yaxud icrası qismən təmin edilib, 2025-ci ilin sonuna qalıq qalan 5693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.
Günay Şahmar, Bizim.Media































































































