Enerji bazarlarında YENİ DALĞA - Qlobal risklər və regional enerji dinamikası

Enerji bazarlarında YENİ DALĞA - Qlobal risklər və regional enerji dinamikası

Hazırda oxunan: Enerji bazarlarında YENİ DALĞA - Qlobal risklər və regional enerji dinamikası

595221

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa çatan həftə enerji bazarlarında bir canlanma hiss edildi. O baxımdan ki, neft tacirləri alışla bağlı daha çox sifarişlər verməyə meylli idilər. Elə neftin qiymətinin artımından da bunu hiss etmək olurdu.

Qlobal bazarlar

Belə ki, London Əmtəə Birjasında Brent markalı neftin 1 bareli əgər həftə əvvəli 65,45 dollardan ticarət edilməyə başlamışdısa, sonrakı günlər ancaq artımlarla yadda qalmış və fevralın 4-də ən baha partiyası 69,76 həddinə qədər yüksəlmişdi. Düzdür, sonradan qiymətlər bir qədər azalsa da, istənilən halda bu, neftin indiki bahalı qiymətdə ticarətinə dəlalət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Neft UCUZLAŞIR – Büdcədə yenidən dəyişiklik EDİLƏCƏK?


Qiymətlərin artımında yenə də siyasi risklər öz sözünü deməkdədir. Çünki ABŞ ilə İran arasında yaşanan gərginlik istənilən halda özünü qlobal əmtəə bazarlarında göstərir. Vəziyyət isə hər an dəyişir, bazarlar da buna adekvat reaksiya verir. Qiymətin 60-65 dollar dəhlizindən 65-70 dəhlizinə keçidi isə onu göstərir ki, treyderlər yaxın dövr üçün bazarda yarana biləcək neft kəsirindən ehtiyatlanırlar. Axı kiçik bir hərbi toqquşma İran neftinin ixracının qarşısını ala bilər. Bu isə gündəlik olaraq 1,65-1,7 milyon barel neftin alıcısına çatmaması deməkdir. Ona görə də sifarişlər emosional səviyyədə olmasa da, amma artır, bu da qiymətləri yavaş-yavaş üzüyuxarı aparır.

Xəzərin o tayında

Bazara təsir edən amillər sırasında hesabatlar və həssas informasiyalar da olur. Bunlardan birini diqqətinizə çatdırmaq istərdim ki, bazar iştirakçıları üçün bu həftə qlobal bazarın təminatı məsələsində real risk siqnalı idi. “Reuters” agentliyinin yaydığı məlumata görə, Qazaxıstan yanvar ayında neft və kondensat ixracını 2025-ci ilin dekabrı ilə müqayisədə ortalama gündəlik olaraq 400 min barələdək azaltmağa məcbur olub. Buna Rusiyadan keçən əsas ixrac boru kəmərində yaranmış müvəqqəti məhdudiyyətlər və enerji təminatı sistemində baş verən qəzaya görə ölkənin ən iri hasilatçısı olan “Tengiz” yatağında istehsalın müəyyən dövrdə dayandırılması olub.

Qazaxıstanda neft hasilatı isə yanvarda əvvəlki ayla müqayisədə gündəlik 1,86 milyon bareldən 1,27 milyon barelədək azalıb.


Bundan əlavə, ixracda yaşanan problemlər üzünüdən Qazaxıstan özünün Xəzər dənizində istismarda olan yeganə yatağı “Kaşağan”da da hasilatı azaltmalı olub. Yəni stabilliklə qeyri-stabillik arasında olan zaman lap qaşla kiprik arasındakı məsafəyə qədər azalıb. Buna görə də bazarda bir daxili narahatlıq yaşanır. 

BƏƏ ilə genişlənən enerji əməkdaşlığı

Həftənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd rəsmiləşdirilib. İmzalanma mərasimində cənab İlham Əliyevlə yanaşı BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da iştirak edib.

Bu sövdələşmə Azərbaycanın "Cənub Qaz Dəhlizi" şirkətinə olan xarici marağı göstərməklə yanaşı, həm də qlobal enerji təhlükəsizliyinin təmin edilməsində rəsmi Bakıya olan inamın ifadə edilməsidir. BƏƏ kimi böyük enerji oyunçusunun layihəyə qoşulması maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, layihənin beynəlxalq siyasi çəkisini də artırır.

Oxucuların diqqətinə çatdırım ki, Azərbaycan təbii qazının dünya bazarına çatdırılmasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 nömrəli sərəncamı ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və ona “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri  layihələrində dövlətə məxsus payların konsolidə edilməsi, idarə olunması və maliyyələşdirilməsi kimi vəzifə tapşırılıb. Hələlik Əbu-Dabi şirkətinin nə qədər pay alması açıqlanmasa da, amma sövdələşməyə qədər Azərbaycan İqtisadiyyat Nazirliyinin layihədə payı 49% təşkil edirdi.  

Qazmaçıların konfransı

Bu həftə Bakıda Xəzər və Qara dəniz hövzələrində qazma əməliyyatlarına həsr edilən beynəlxalq konfrans keçirilib. Bu platforma çərçivəsində şirkətlər qazma məsələlərinə dair fikirlərini bölüşüb, həmçinin neft və qaz quyularının qazılması yönümündə yeni texnoloji həllərə diqqət ediblər.
 

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə quyular üzrə vitse-prezidenti Rassel Morris konfransda çıxışı zamanı bildirib ki, indiyə qədər Britaniya şirkətinin operatorluğu ilə Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinə tərəfdaş-şirkətlərlə birgə 87 milyard dollar sərmayə yatırılıb.


bp rəsmisi diqqəti “Azəri-Çıraq-Günəşli” kimi nəhəng yataqlar blokuna çəkib və əlavə edib ki, artıq müqavilə sahəsindən 4,5 milyard bareldən çox neft hasil edilib. AÇG 29 ilə yaxındır ki, istismar edilir və hələ də nəinki Azərbaycanın, o cümlədən Xəzər dənizində məhsuldarlığına görə lider yataqdır. Ötən ilin oktyabrına qədər AÇG-də ümumilikdə 203 quyu qazılıb ki, bunun da 145 ədədi hasilat quyusu olub. Burada bp-nin vitse-prezidenti maraqlı bir məqama toxunur. AÇG getdikcə yaşlaşır, odur ki, burada hasilatı rentabelli davam etdirmək üçün getdikcə daha çox texnologiya tətbiqi vacibdir.

Rassel Morris qeyd edib ki, bp ötən ilin sonunda "Mərkəzi Azəri" yatağında 1150 metr dərinliyində üfüqi quyu qazıb və hazırda həmin quyudan gündəlik 7 500 bareldən çox neft hasil edilir. “Bu, çox gözəl nəticədir və gözləntilərimizdən xeyli irəlidədir", deyə bp nümayəndəsi əldə edilən nailiyyətləri vurğulayıb.

Konfransda Azərbaycan Dövlət Neft Şirkəti qazma əməliyyatlarının artırılması ilə bağlı iştirakçılara xoş xəbər çatdırıb. SOCAR "Upstream Operations Management" şirkətinin qazma üzrə meneceri Fərid Umudlu çıxışı zamanı bəyan edib ki, Azərbaycanda 2026-cı ildə 80-dən çox yeni quyunun qazılması planlaşdırılır. Bundan əlavə 500-dən çox geoloji-texniki tədbirin, yəni  quyuların əsaslı təmirinin də həyata keçirilməsi gündəmdədir. SOCAR nümayəndəsi əlavə edib ki, hazırda şirkət quyularla bağlı prosesləri izləmək üçün real vaxt rejimində monitorinq mərkəzi yaratmaq niyyətindədir. Bu, Azərbaycan üçün miqyaslı əməliyyat fəaliyyətidir.

Özgələrinə qazdığımız quyular

Sözügedən tədbirdə ictimailəşdirilən maraq doğuran bir xəbər də Azərbaycan sərhədlərindən kənarda yerli qazma şirkətimizin aktiv əməliyyatlarıdır. Belə ki, "SOCAR AQŞ" şirkətinin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibovun açıqlamasına görə, Türkiyədə 8 quyunun qazılması planlaşdırılır.
 

Onun sözlərinə görə, "SOCAR AQŞ"nin Türkiyədəki ilk layihəsi BOTAŞ üçün yeraltı qaz saxlama quyularının qazılması olub. "Təhvil-təslim" müqaviləsi əsasında 28 quyu uğurla qazılaraq sifarişçiyə təhvil verilib. Bundan əlavə şirkət digər quyu xidmətlərini də həyata keçirib. Nəsibov qeyd edib ki, hazırda şirkətin Türkiyədə iki qazma qurğusu var.


Türkiyədə quruda qazma işləri üçün mobillik vacib olduğundan avtomobil bazasında olan qazma avadanlığından istifadə edilir. Cənub-Şərqi Anadolu hövzəsindəki "Çalık Petrol" şirkətinin sifarişi əsasında artıq iki quyunun qazaılması həyata keçirilib. SOCAR AQŞ növbəti iki il ərzində isə "Turkish Petroleum" layihələri çərçivəsində səkkiz quyunun qazılmasını planlaşdırır.

Amma şirkətin Azərbaycandan kənarda qazma işləri yalnız qardaş Türkiyədəki layihələrlə məhdudlaşmır. "SOCAR AQŞ" həmçinin İraqda qazma layihələrinin həyata keçirilməsi üçün tenderlərdə də iştirak edir.

Hazırda şirkət İraqın özəl operatorlarından biri olan "Crescent Petroleum" ilə bu ölkədə bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindədir. Layihə bir kəşfiyyat quyusunun qazılmasını nəzərdə tutsa da, nəticələrdən asılı olaraq müştərinin istəyinə uyğun olaraq daha dörd quyunun qazılması da reallaşa bilər. Bundan əlavə, SOCAR AQŞ İraqın tanınmış neft şirkəti olan "Basra Oil Company" ilə əməkdaşlıq çərçivəsində 2 min at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edir.

SOCAR-ın xaricdəki hasilat layihələri

Onu qeyd edə bilərəm ki, son il yarımda SOCAR artıq Azərbaycandan kənarda 5 hasilat və kəşfiyyat layihəsinə qoşulub. Hasilat layihələri Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Kot-d'İvuarda, kəşfiyyat layihələri isə İsrail və Özbəkistanda həyata keçirilir. Güman edilir ki, yaxın perspektivdə SOCAR Azərbaycandan kənarda hasilat layihələrini genişləndirmək üçün yeni addımlar atacaq. Bununla yanaşı xidmət müqavilələrinin də həm sayının, həm də coğrafiyasının genişləndirilməsi birmənalı olaraq təqdirəlayiq haldır və beynəlxalq bazaarlarda SOCAR-a olan inamın göstəricisidir.

SOCAR-ın qeyri-neftdəki uğurları

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda verilən məlumatlara görə, ötən il qeyri-neft sektoru üzrə ölkəmiz 3,6 mlrd dollarlıq ixraca malik olub. Həmin məlumatların təhlili isə onu göstərir ki, qeyri-neft təyinatlı sayılan ixracda SOCAR-ın strukturuna daxil olan zavodların və qurumların payı 26,4% təşkil edib və onlar ölkəmizə təqribən 951 milyon dollarlıq qazanc gətiriblər.
 

2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Onu deyim ki, bu qurum dövlət sektoru üzrə qeyri-neft təyinatlı ixracda şəksiz liderdir. 


SOCAR-ın ixrac etdiyi qeyri-neft məhsulları içərisində Sumqayıtda fəaliyyət göstərən iki zavod xüsusi ilə seçilir. Bunlardan "SOCAR Polymer" ötən il ərzində 255,6 milyon dollar dəyərində məhsul ixrac etməyə nail olub. Digər müəssisə isə SOCAR- Karbamid zavodudur, hansı ki, ötən il 170,8 milyon dollarlıq gübrə ixrac edib.

Ancaq SOCAR təkcə istehsal yönümlü malların ixracı ilə kifayətlənmir. SOCAR həm də xidmətlərin ixracından gəlir əldə edir. Məsələn, “SOCAR Cape” MMC tikinti işlərinə yardımçı xidmətlər təklif edir, “SOCAR Dalğıc” isə adından göründüyü kimi dalğıc xidməti üzrə ixtisaslaşır.
 

Həmin şirkətlərin də bu sırada yer alması onu göstərir ki, artıq onların xidmətləri xarici bazarlarda da həyata keçirilir və buna görə də əldə etdikləri gəlir Azərbaycanın qeyri-netf təyinatlı ixrac bölməsində qərarlaşır.


Elə buna görə də SOCAR sadəcə bir dövlət şirkəti kimi qarşımızda durmur, dövlətin iqtisadi siyasətinin lokomotivi qismində istər neft-qaz sektorunda, istərsə də ondan kənarda olan sahələrə də öz töhfəsini verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO