Kriptovalyuta bazarında son sutka ərzində əsas koinlər dəyər itirib.
Bizim.Media "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 2,64% azalaraq 76 427 ABŞ dollarına enib. Aktivin bazar kapitallaşması 1,53 trln ABŞ dolları, sutkalıq ticarət həcmi isə 67,7 mlrd. ABŞ dolları təşkil edib.
Ethereum isə sutka ərzində 2,18% ucuzlaşaraq 2 276 ABŞ dollarına düşüb. Aktivin bazar kapitallaşması 274,8 mlrd. ABŞ dolları, ticarət həcmi isə 46,9 mlrd. ABŞ dolları səviyyəsində olub.
Digər iri kriptovalyutalar üzrə də eniş müşahidə edilib. BNB-nin qiyməti 2,37% azalaraq 757 ABŞ dollarına, XRP isə 1,33% enərək 1,59 ABŞ dollarına düşüb. "Solana"nın qiymətində daha kəskin geriləmə qeydə alınıb – aktiv 5,71% ucuzlaşaraq 98 ABŞ dollarına enib.
Analitiklərin fikrincə, bazardakı enişə bir neçə əsas amil təsir göstərib. Belə ki, ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi, ABŞ-da pul-kredit siyasətinin daha uzun müddət sərt qalacağına dair gözləntilər, eləcə də Yaxın Şərq ətrafında artan geosiyasi gərginliklər investorların riskli aktivlərdən, o cümlədən kriptovalyutalardan çıxışını sürətləndirib.
Bununla yanaşı, əvvəlki yüksəliş mərhələsində açılmış leverage mövqelərin bağlanması satış təzyiqini daha da artırıb.
Eyni zamanda, USDT və USDC kimi stabilkoinlərin qiymətlərinin demək olar dəyişməməsi bazardan kapital axınının tam xarakter almadığını, investorların əsasən gözləmə mövqeyi tutduğunu göstərir.
Bizim.Media

































































































