Son günlərə qədər sürətlə bahalaşaraq bir unsiyası 5600 dollara çatan qızılın qiyməti birdən-birə kəskin enməyə başlayıb.
Belə ki, 2026-cı ilin fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti Nyu-Yorkun "Comex" birjasında yanvarın 19-dan bu yana ilk dəfə olaraq bir troya unsiya üçün 4 700 dollar səviyyəsindən aşağı enib.
Ticarət zamanı qiymətli metalın qiyməti 4 644,8 dollar təşkil edib ki, bu da 5,35 faiz azalma deməkdir.
Göründüyü kii, yerli və xarici ekspertlərin ən etibarlı yatırım vasitəsi adlandırdıqları qızıl birdən-birə kəskin şəkildə ucuzlaşır.
Görəsən, nə baş verir?
Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, bir neçə gün bundan əvvəl qızılın qiymətində baş verən kəskin bahalaşma real bazar qiymətilə bağlı olmayıb:
“Bir neçə gün bundan əvvəl yaranmış geosiyasi faktorların təsiri, ABŞ adminstrasiyasının Federal Ehtiyat Sistemi üzərində yaratdığı təzyiqlər, İrana qarşı hərbi müdaxilənin olub-olmayacağı kimi məsələlər, bazarda mərkəzi bankların qızıl alışı istiqamətində meyllərin daha da artması, dolların dəyərsizləşməsilə bağlı məlumatlar səbəbindən qızılın qiyməti birdən-birə kəskin şəkildə qalxdı.
Bu bahalaşma əslində real bazar qiyməti deyildi. Burada balonlar formalaşmışdı. Sonradan sadaladığım amillərin təsirinin nisbətən zəifləməsi, müəyyən istiqamətdə gözləntilərin özünü doğrultmaması, bir sıra məsələlər ətrafında aydınlaşdırıcı faktorların ortaya çıxması ilə qızılın qiymətində eniş baş verir. Burada korreksiya prosesini də nəzərə almalıyıq. Qiymətlərin birdən-birə xeyli yüksəlməsini bazar təbii ki, həzm edə bilmir və müəyəyn dövrdən sonra bazar öz real məcrasına qayıdır”.
İqtisadçı proqnozlara əsasən düşünür ki, qısa müddətli dövrdə qızılın bir unsiyasının qiyməti 4500-5000 dollar arasında olacaq:
“Amma il ərzində qızılın qiymətinə artırıcı təsir göstərəcək kifayət qədər çoxsaylı faktorlar da qalmaqda davam edəcək. Bir çox proqnozlara görə isə, ilin sonuna qızılın qiyməti 6000 dollar üzərində olacaq. İndiki halda şərtlər kifayət qədər dəyişkəndir. Şərtlər də iqtisadi deyil, daha çox siyasi kataklizmlər əsasında formlaşan konyukturdan doğur. Buna baxmayaraq, görünən odur ki, qızıl hələlik öz xüsusi cəlbediciliyini qoruyacaq”.
Rüfət Sultan, Bizim.Media

































































































