Sahibkarlara dəstək! - Dövlət Fondu yaradıldı

Sahibkarlara dəstək! - Dövlət Fondu yaradıldı

Hazırda oxunan: Sahibkarlara dəstək! - Dövlət Fondu yaradıldı

5900

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydaları” əsasında sahibkarlıq subyektlərinin normativ texniki sənədlərə əlçatanlığının təmin edilməsi məqsədilə Standartlaşdırma üzrə Dövlət Fondu yaradılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, standartlaşdırma üzrə Dövlət Fondu müvafiq dövlət orqanları, beynəlxalq, regional, habelə xarici və yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan, standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən idarə olunan informasiya resursudur.

Fondda dövlət standartları, texniki şərtlər, beynəlxalq (regional) və dövlətlərarası standartlar, müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumat və sənədlər əksini tapır.

Fondun resursları istehsalla məşğul olan yerli sahikarlıq subyetlərinə elmin, texnikanın və texnologiyanın müasir nailiyyətlərinə əsaslanan istehsalın təşviqinə, bununla da ölkəmizdə istehsal olunan istehlak mallarının rəqabətə davamlılığının yüksəlməsinə əlavə imkan yaradacaq. Eyni zamanda, ixracla məşğul olan sahibkarlıq subyektləri də idxalçı ölkələrin tələbləri ilə tanış ola biləcəklər.

Bu da öz növbəsində, ölkənin ixrac imkanlarının artırılmasına, sahibkarların beynəlxalq ticarətdə qarşılaşdıqları əsassız maneələrin aradan qaldırılmasına töhvə verəcək.

Qanunvericiliyin tələblərinə görə texniki tənzimləmənin şamil olunduğu istehlak mallarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri üçün Fondda saxlanılan standartların və digər normativ sənədlərin icrası məcburidir. Standartların tələblərinə cavab verməyən malların satışı qadağandır və bu hal istehlakçı hüquqlarının pozulması hesab olunur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərə 4000 manatdan 6000 manatadək inzibati cərimə tətbiq olunur.

Sahibkarlar və bütün digər maraqlı tərəflər standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin internet saytı vasitəsilə (www.azstand.gov.az/) və ya kağız daşıyıcılarda əldə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO