"Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqı Azərbaycana 2 milyardlıq maliyyə paketi ayırdı
“2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kub metr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq”, - V.Bayramov vurğulayıb.
Deputat əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək.
Qeyd edək ki, ötən gün Bakıda CQD MŞ çərçivəsində nazirlərin 8-ci toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib.
İclasda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri də iştirak da edib.
CQD MŞ çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalarda keçirilib.
Bizim.Media