Əhaliyə ÇAĞIRIŞ – Bu iki addımı atmaqla enerjiyə qənaət edə BİLƏRSİNİZ

Əhaliyə ÇAĞIRIŞ – Bu iki addımı atmaqla enerjiyə qənaət edə BİLƏRSİNİZ

Hazırda oxunan: Əhaliyə ÇAĞIRIŞ – Bu iki addımı atmaqla enerjiyə qənaət edə BİLƏRSİNİZ

584389

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq ilin sonuncu ayıdır. Əvvəllər, dünyanın əmin-amanlıq vaxtlarında bu zaman insanlar Yeni İl ab-havası ilə planlar qurardılar. İndi isə vəziyyət fərqlidir. Ətrafda eşidilənlərdən ancaq onu sezmək mümkündür ki, gələn il bu ilkindən daha da çətin ola bilər. Özü də hansısa bir konkretlik yoxdur hələ, hər şey məchul formada təsvir edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – MÜHÜM YENİLİK


Qlobal bazarlar

Amma qlobal bazarlarda buna real hazırlıq gedir: dünya iqtisadiyyatının aşağı inkişaf templəri qarşılığında enerji daşıyıcıların da ucuzlaşacağı proqnozlaşdırılır. Bir tərəfdən də siyasilərin atdıqları addımlar bazarlarda vəziyyəti daha da mürəkkəbləşdirir.

Dekabrın 3-də Avropa İttifaqı Şurası və Avropa parlamenti Rusiya qazının idxalının tədricən dayandırılması məsələsini sürətləndirmək üçün ilkin razılığa gəldi. Avropa Komissiyası üzv ölkələrin energetika nazirləri dekabrın 15-də bu əldə edilmiş razılığı təsdiqləməli və Avropanın Rusiya enerjisindən asılılığına son qoymaq istəyini reallaşdırmalıdırlar.

Rusiyanın mayeləşdirilmiş təbii qaz idxalına tədrici qadağa qısamüddətli müqavilələr üzrə 2026-cı ilin 25 aprel tarixindən qüvvəyə minəcək. Həmin tip müqavilələr əsasında boru kəməri ilə qaz qəbulu isə gələn ilin 17 iyunundan dayandırılacaq. Uzunmüddətli müqavilələr üzrə isə maye qaz qəbulu 1 yanvar 2027-ci ildən idxal edilməməlidir. Rusiyadan boru kəməri qazına qadağa 30 sentyabr 2027-ci ildə qüvvəyə minəcək, lakin Aİ-nın yeraltı qaz anbarlarında qış üçün kifayət qədər mavi yanacaq ehtiyatı olmadığı təqdirdə, həmin ilin 1 noyabrına qədər təxirə salına bilər.
 

Razılıq əldə edilən zaman Avropa Komissiyasının rəhbəri Fon der Lyayen bəyan edib ki, bununla da Aİ Rusiyadan tam enerji müstəqilliyinin yeni səhifəsini açır. Açıqlanan məlumata görə, Avropa İttifaqı ölkələrinin Rusiyadan qaz idxalı bu ilin 11 ayının yekunlarına görə, cəmi 32,9 milyard kubmetr təşkil edib. Gələn il bu həcmlərin təqribən yarıbayarı azaltmaq imkanları var.


Rusiya-Ukrayna müharibəsindən öncə isə Avropa ölkələri Rusiyadan 155 mlrd kubmetr qaz idxal etmişdilər. Artıq 2024-cü ilin nəticələrinə əsasən qaz idxalını 100 milyard kubmetrdən çox azaltmaq mümkün olmuşdu. Bu il isə onun həcmləri daha 20 mlrd kubmetr azalmalıdır. 

Xanın Fon der Lyayen maraqlı bir statistika da açıb. Onun sözlərinə görə, Avropa İttifaqı 2022-ci ildən 2025-ci ilə qədər Rusiya qazının idxalını 45%-dən 13%-ə, kömür idxalı 51%-dən sıfıra, neft idxalı isə 26%-dən 2%-ə sala bilib. Bundan əlavə müharibənin əvvəlində Avropa İttifaqı Rusiyadan ənənəvi enerji daşıyıcılarının idxalı üçün orta hesabla ayda 12 milyard avro ödəyirdisə, indi bu məbləğ ayda 1,5 milyard avroya qədər azalıb və rəsmi Brüssel bunu sıfır həddinə qədər azaltmaq yolunda səylərini artırır.

Bu zaman qeyd edilib ki, Aİ ölkələri Rusiyadan enerji asılılıqlarını aradan qaldıran zaman alternativ mənbələrdən enerji istehsalını artırmaqla yanaşı, yeni bazarlarla sıx əlaqə qurub, eyni zamanda enerji təhlükəsizliklərini təmin etmək üçün indiyə qədər görünməmiş miqyasda qənaət rejimini də həyata keçiriblər. Onu deyim ki, hökumətlərin qənaət çağırışlarına praktikada həqiqətən əməl edilməsi məsələsi insanların hökumətə qulaq asmasından daha çox, Avropada vətəndaş cəmiyyətinin ümumən Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı birliyinin nümayişi idi. Yəni məişətdə və işdə enerjiyə qənaət vətəndaş mövqeyinin göstəricisinə çevrilən bir amil oldu.

Enerji səmərəliyinin artırılması

Onu deyim ki, yola saldığımız həftə Azərbaycan hökuməti də enerji səməriliyinin artırılması məqsədi ilə vətəndaşlara çağırış etməyə başlayıb. Energetika Nazirliyi tərəfindən enerji səmərəliliyi ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində başlanan kampaniya "Söndür və Qazan" devizi altında həyata keçirilir. Bu tədbirin məqsədi vətəndaşları gündəlik həyatda sadə addımlarla - istifadə olunmayan işıqları, məişət cihazlarını və avadanlıqları söndürməklə enerji sərfiyyatını azaltmağa təşviq etməkdir.
 

Öz tərəfimdən isə onu qeyd edə bilərəm ki, enerji səmərəliliyi təkcə enerji təhlükəsizliyi məsələsi deyil, həm də qazancdır. Vətəndaş üçün gözə görünməyən qəpiklik enerji qənaəti binanın manatlıq, şəhər və rayonların milyonluq, dövlətin isə daha çox qazancı deməkdir.


Bunu sadə bir misalla izah edim. Hazırda Azərbaycanda 2,6 milyondan çox qaz abonenti var. Günə yalnız payız-qış mövsümündə 1 kubmetr qaza qənaət etsək, bu, bilirsiniz nə qədər həcm deməkdir? 473 milyon kubmetr. Bəs hər gün 1 kubmetr qaza qənaət etmək böyük səy tələb edirmi? Əsla yox, bunun üçün sadəcə yaşadığın mənzilin istilik izolyasına yüngülvarı əl gəzdirmək yetərli olar: bayır qapının və açılan pəncərələrin rezinlərinin dəyişdirilməsi, daha kip örtülmənin təmin edilməsi hesabına bunu əldə etmək olar. Bu qədər sadə. Daha yaxşı nəticələr əldə etmək üçün isə elə sadə addımlardan başlamaq lazımdır. 

Avropa ilə enerji dialoqu

Bu həftə Bakının Avropa ölkələri ilə sıx təmasda olduğunu müşahidə edildi. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today"ə müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu dilə gətirib. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəklədiyini söyləyib.

Qeyd etmək yerinə düşər ki, 2024-cü ildə Azərbaycan Avropa İttifaqına  təxminən 12,9 milyard kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ildəki 8 milyardlıq göstəricisindən 59% çoxdur, 2022-ci ildə rəsmi Bakının Avropa İttifaqı ilə imzaladığı enerji sazişinə əsasən isə, 2027-ci ildə bu həcmlərin ən azı 16 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
 

Hikmət Hacıyev daha sonra vurğulayıb ki, Trans-Adriatik Boru Kəmərinin və əlaqədar infrastrukturun daha da genişləndirilməsi Avropa tərəfindən "səmimi maraq" və uzunmüddətli müqavilə öhdəliklərinin olması halında mümkün olacaq.


Onu qeyd edim ki, dekabrın 2-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşərək strateji enerji layihələrini o cümlədən “Yaşıl Enerji Dəhlizi” layihəsini və digər prioritet istiqamətlərinin inkişafı məsələlərini müzakirə edib.

Bundan 2 gün sonra isə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Vyanada keçirilən Aİ Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. Həmin görüşdə də enerji təhlükəsizliyi, nəqliyyat və logistik əlaqələrin yaxşılaşdırılması və “yaşıl keçid" kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə obyekti olub.

“Yaşıl enerji”nin artan payı

Azərbaycanın enerji strategiyasında "yaşıl transformasiya" artıq ayrıca istiqamət deyil, milli inkişafın əsas sütunlarından birinə çevrilib. Ölkənin ümumi elektrik enerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir ki, bunun 1829,6 MVt-ı, yəni təxminən 19 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Bu göstəricilər təkcə mövcud vəziyyəti deyil, eyni zamanda qarşıya qoyulan iddialı hədəfləri də aydın şəkildə ortaya qoyur.

Özü də Azərbaycan “yaşıl enerji” layihələrini gerçəkləşdirdikcə neft-qaz layihələri üzrə karbon emissiyalarının azaldılmasını da hədəfləyir. Bu baxımdan yola saldığımız həftə "bp-Azerbaijan" şirkətinin açıqladığı məlumata görə, Səngəçal Terminalının Elektrikləşdirilməsi layihəsi çərçivəsində bir sıra müqavilələr bağlanıb.

Karbon emissiyalarının azaldılması

2028-ci ilin sonunadək terminalın tam yaşıl mənbəli  enerji ilə təmin etmək üçün üç əsas müqavilə imzalanıb:

- "AzərEnerji" ASC ilə 43 milyon dolları dəyərində müqavilə yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsini nəzərdə tutur.

- "Azfen" birgə müəsissəsi ilə dəyəri 19 milyon dollarlıq müqavilə üzrə transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir.

- SOCAR KBR şirkəti ilə 7 milyon funt sterlinq dəyərində olan müqavilə isə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat işlərinin icrası üçün  verilib.

Bu layihənin icrası ilə bp-nin operatorluğu ilə Cəbrayılda inşa edilən 240 MVt gücə malik “Şəfəq” günəş elektrik stansiyasından enerji "AzərEnerji"nin elektrik şəbəkəsinə ötürüləcək, əvəzində eyni həcm elektrik Səngəçal terminalın fəaliyyəti üçün veriləcək. Nəticədə hazırda terminalda qazla işləyən 7 turbinə ehtiyac qalmayacaq, mavi yanacaq isə əmtəəlik xammala çevrilərək ixrac ediləcək. Nəticədə əməliyyatlarından yaranan karbon emissiyaların təxminən 50%-nin azaldılması mümkün olacaq.

SOCAR Özbəkistanda işə başlayır

Dekabrın 5-də Azərbaycan Dövlət Neft Şirkətinin Özbəkistanda operatoru olduğu kəşfiyyat layihəsinin icra edilməsi yönümündə mühüm bir addım atılıb. Belə ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi keçirilib. Açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, eləcə də layihənin ərsəyə gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat işlərinin başlanmasına dair prosedurlar icra olunub.


Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin həyata keçirilməsi ilə əlaqədar SOCAR,  “Uzbekneftegaz” “və Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə Pay Bölgüsü Sazişi imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO