Azərbaycan Avropanın enerji bazarında dominant ölkəyə çevrilir? – Vüqar Bayramovun ŞƏRHİ

Azərbaycan Avropanın enerji bazarında dominant ölkəyə çevrilir? – Vüqar Bayramovun ŞƏRHİ

Hazırda oxunan: Azərbaycan Avropanın enerji bazarında dominant ölkəyə çevrilir? – Vüqar Bayramovun ŞƏRHİ

58315

Ukraynadakı məlum böhran səbəbindən Rusiya və Qərb arasında münasibətlərin gərginləşməsi fonunda Avropanın mavi qaza olan tələbatının ödənilməsi üçün alternativ variantlar ortaya atılmaqdadır. Belə ki, bu situasiyada Azərbaycanın adı ilk sıralarda çəkilməkdədir. Bunu Qərb rəsmilərinin və mətbuatının dilindən eşitmək mümkündür. 

Təsadüfi deyil ki, son günlərdə Azərbaycanla enerji tərəfdaşlığının inkişafının zəruriliyi məsələsi daha tez-tez qabardılır.
 

MÖVZU İLƏ BAĞLI:

“Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov


Azərbaycanla Avropa ölkələri arasında enerji sahəsində əməkdaşlığın inkişaf potensialı ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkəmizdən köhnə qitəyə nəql olunan mavi yanacağın həcminə diqqət çəkib:

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdəndir. Nəzərə alaq ki, hazırda Azərbaycan Avropaya Cənub Qaz Dəhlizi çərçivəsində mavi qaz nəql edir. 2021-ci ildə Avropa bazarına Azərbaycan tərəfindən TAP kəməri vasitəsilə 7 milyard kubmetrə yaxın qaz nəql edildi. Eyni zamanda qonşu Türkiyəyə 8 milyard kubmetrə yaxın, Gürcüstana isə 1 milyard kubmetr əlavə mavi qaz nəql edildi”.

Millət vəkili qaz nəqli ilə bağlı gələcək proqnozlarını da qeyd edib:

“2022-ci ildə Avropaya nəql olunacaq mavi yanacağın həcminin 10 milyard kubmetrə qədər yüksələcəyi gözlənilir. Eyni zamanda Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz Avropa bazarına çıxarılacaq. Avropa bazarına qazın nəqli baxımından növbəti illərdə daha imkanların olacağı gözlənilir”.

Deputatın sözlərinə görə, Azərbaycanın Avropaya nəql olunan qazın həcmini artırması Rusiya ilə rəqabət aparmaq məqsədi daşımır:

“Təbii ki, Avropanın mavi qaza olan tələbi kifayət qədər yüksəkdir və Avropa istehlak etdiyi mavi qazın 40%-dən çoxunu Rusiyadan alır. Ona görə də, Rusiya Avropa bazarında dominant mövqeyə malikdir. Amma Azərbaycanın məqsədi, təbii ki, Avropa bazarında hansısa bir ölkə və ya şirkətlə rəqabət aparmaq deyil. Sadəcə olaraq, öz mavi qazını daha dayanıqlı bazar olan Avropa bazarına çıxarmaq və köhnə qitənin enerji təhlükəsizliyinə töhfə verməkdən ibarətdir”.

Vüqar Bayramov Avropada Azərbaycan qazına marağın artacağını da proqnozlaşdırıb:  
 

“Azərbaycan mavi qazını almaq istəyən ölkələrin sayında artım var. Xüsusən də, Mərkəzi-Şərqi Avropadan daha çox ölkə Azərbaycan qazını almaqda maraqlıdır. Artıq Bolqarıstana daxili şəbəkə vasitəsilə 2 milyard kubmetrə yaxın qaz nəql edilməsi ilə bağlı müzakirələr yekunlaşır.


Eyni zamanda Macarıstan və Ruminya da Azəzrbaycandan mavi qaz almaqda maraqlı olan ölkələrdir. Bu ölkələrin sayının artacağı gözlənilir. Xüsusən də, nəzərə alsaq ki, Azərbaycanın da mavi qaz hasilatı da artır, bu da növbəti mərhələdə daha çox mavi qazın Avropa bazarına çıxarılmasına imkan verəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO