Dünya birjalarında neftin qiymətində ciddi sıçrayış olacağı gözlənilir.
ABŞ-ın "Morgan Stanley" bankının analitikləri bu ilin III rübündə "Brent" markalı etalon neftinin bir barelinin qiymətinin 100 ABŞ dollarınadək artacağını proqnozlaşdırırlar.
Analitiklərin fikrincə, qlobal neft ehtiyatları 2022-ci ilin sonunadək bir qədər də düşəcək.
Qeyd edək ki, "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,22% azalaraq 1 barelə görə 87,3 dollar təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan neftinin qiyməti 91 dollara düşdü
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Bizim.Media açıqlamasında deyib ki, cari ildə neftə olan təlabat keçən illə müqayisədə artıq olacaq:
“Bazarın fundamental və texniki analizi bunu deməyə əsas verir. Xüsusilə, cari ilin 3-cü və 4-cü rübündə neftə olan gündəlik qlobal təlabat 2019-cu il göstəricilərini ötəcək. Yaxın perspektivdə neft qiymətlərinə iki faktor təkan verəcək. Birinci durmadan artan neft təlabatı, ikinci isə ehtiyat hasilat güclərinin məhdudluğudur. Neftə olan təlabat da, müsbət dinamikanın müşahidə edilməsi, paralel olaraq neft qiymətlərinə təsir edir. Lakin yüksək neft qiymətləri ətrafına neft bazarlarının idarə edilməsi bir çox hallarda mənfi nəticələrə səbəb olur”.
Ekspert əlavə edib ki, yüksək neft qiymətləri ilk öncə emal güclərinin kompozit marjının daralmasına səbəb olur:
“Digər tərəfdən, yüksək neft qiymətləri müştəri məmnuniyyətini təhdid altına alır və istehsalçı ilə istehlakçı arasında fikir ayrılığını dərinləşdirir. Ona görə də neft ixrac edən ölkələrin özləri də süni qiymət artımından həmişə narahat olduqlarını israr edirlər. Yuxarıda qeyd edilən yüksək neft qiyməti hazırkı bazar şərtlərinə ziddir. Neft ixrac edən ölkələrin əsas missiyası bazarda ağırlıq mərkəzinin bərpa olmamasına nail olmaqdır və bu iş davam edir”.
Alçina Amilqızı, Bizim.Media