Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin iclasının yekunlarına əsasən, maye qazın və benzinin qiymətlərinə altı ay müddətində dövlət tənzimlənməsinin tətbiqi barədə göstəriş verib və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün bir sıra digər sərəncamlara imza atıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
“Mayeləşdirilmiş təbii qazın, benzin və dizel yanacağının qiymətlərinə 180 gün müddətinə dövlət tənzimlənməsi tətbiq edilsin”, - sərəncamda deyilir.
Həmçinin “sosial əhəmiyyətli ərzaq məhsullarına dövlət qiyməti tətbiq edilir”, “180 gün müddətində əhali üçün kommunal tariflərin artırılmasına moratorium qoyulur”, “icarə haqları subsidiyalaşdırılır”.
Prezident həmçinin səhiyyə və uşaqların problemlərinin həlli üçün “Fiziki şəxslərin iflası haqqında” qanunun hazırlanmasına başlanılması, özəl və dövlət mənbələrindən maliyyələşən “Qazaxıstan xalqına” ictimai fondunun yaradılması barədə göstəriş verib.
Xatırladaq ki, 2022-ci ilin ilk günlərində Manqistau vilayətinin (Qazaxıstanın qərbində neft hasil edən rayon) Janaozen və Aktau şəhərlərinin sakinləri mayeləşdirilmiş təbii qazın qiymətinin iki dəfə artırılmasına etiraz ediblər.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib. Yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib.
Lakin etirazlar digər şəhərlərə də yayılıb. Ölkənin ən böyük şəhəri olan Alma-Atada yanvarın 4-ü axşam və 5-nə keçən gecə nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub, polis gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edib. Tokayev insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. O, qeyd edib ki, mülki və hərbi idarələrə hücum çağırışları qanunsuzdur.
Onun sözlərinə görə, “hakimiyyət yıxılmayacaq”, amma ölkəyə “münaqişə yox, qarşılıqlı inam və dialoq lazımdır”.
Daha sonra prezident Mangistau vilayətində və Alma-Atada yanvarın 19-dək fövqəladə vəziyyət elan edib. Səhər saat 7:00-dan axşam 23:00-a qədər komendant saatı tətbiq edilir.
Kütləvi tədbirlər və tətillər qadağan edilir, silah, sursat və spirtin satışına qadağa qoyulur, insanlardan silah və sursatlar müsadirə edilir, xüsusilə mühüm obyektlərin mühafizəsi gücləndirilir. Həmçinin, Alma-Ataya giriş-çıxış məhdudlaşdırılıb, sənədlər yoxlanılır.
Yanvarın 5-də səhər saatlarında Tokayev respublika hökumətini istefaya göndərib və bildirib ki, Nazirlər Kabineti etiraz aksiyasına görə günahkardır. Prezident həmçinin fövqəladə vəziyyətin tətbiqindən sonra Alma-Ata və Manqistau vilayətində vəziyyətin tədricən düzəldildiyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:13 / 05.01.2022
Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
Hazırda oxunan: Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
Hazırda oxunan: Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
53872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.